Siyasət Özəl

Deputat: Tramp Ərdoğanı güclü lider hesab edir

Deputat: Tramp Ərdoğanı güclü lider hesab edir

ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş beynəlxalq gündəmin diqqət mərkəzindədir. Görüş zamanı verilən mesajlar ABŞ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri gücləndirib.

Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında söyləyib ki, Türkiyə Respublikasının paytaxtı Ankara şəhəri dünyanın ən böyük hərbi-siyasi təşkilatı olan NATO-nun 36-cı sammitinə ev sahibliyi etdi:

“Bu, heç şübhəsiz, Türkiyənin həm NATO daxilində, həm də beynəlxalq aləmdə yüksək nüfuza və güclü mövqeyə malik olduğunu göstərən mühüm hadisədir. Sammitin əhəmiyyətini artıran əsas məqamlardan biri də NATO-nun aparıcı dövləti olan ABŞ Prezidenti Donald Trampın tədbirdə iştirak etməsi oldu. Tramp özü də bildirdi ki, sammit başqa ölkədə keçirilsəydi, həmin tədbirə qatılmazdı. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri və məhz onun dəvəti bu səfərin baş tutmasında həlledici rol oynayıb. İyulun 7-də Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən görüş, eləcə də mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Ankara ilə Vaşinqton arasında münasibətlər dinamik inkişaf edir və ikitərəfli əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 36 milyard dollar təşkil edir”.

O qeyd edib ki, tərəflər qarşılıqlı ticarətin həcmini 100 milyard dollara çatdırmağı əsas hədəflərdən biri kimi müəyyənləşdiriblər:

“Donald Tramp da yaxşı anlayır ki, Türkiyə bu gün dünyanın ən güclü dövlətlərindən biridir. Ölkənin ümumi daxili məhsulu təxminən 1,6 trilyon dollar təşkil edir, hərbi büdcəsi isə 30 milyard dolları ötüb. Türkiyə iqtisadi gücünə görə dünyada ilk iyirmilikdə qərarlaşır, hərbi potensialına görə isə ilk onluğa daxildir və NATO daxilində ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə malik dövlətdir. Bundan əlavə, Donald Trampın güclü liderlərlə işləməyə üstünlük verdiyi məlumdur. Onun Rəcəb Tayyib Ərdoğana xüsusi hörmətlə yanaşmasının əsas səbəblərindən biri də Türkiyə liderini güclü siyasi fiqur kimi qiymətləndirməsidir. Eyni yanaşmanı Azərbaycan Prezidenti İlham Əliyevə münasibətdə də müşahidə etmək mümkündür. Donald Tramp müxtəlif çıxışlarında Azərbaycan Prezidentinə ehtiramını ifadə edib və onu güclü lider kimi xarakterizə edib. Bütün bunlar göstərir ki, NATO sammiti və onun çərçivəsində keçirilən Türkiyə–ABŞ danışıqları iki ölkə arasında uzun müddətdir həllini gözləyən məsələlərdə müəyyən irəliləyişlərin əldə olunmasına zəmin yaradıb”.

Deputat xatırladıb ki, 2020-ci ildə ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq Ankaraya qarşı sanksiyalar tətbiq etmiş, eyni zamanda Türkiyəni F-35 proqramından çıxarıb:

“Lakin son danışıqlar zamanı Donald Tramp Türkiyə Prezidentinə ABŞ-ın bu sanksiyaların ləğvi istiqamətində addımlar atmağa hazır olduğunu bildirib və F-35 proqramı ilə bağlı məsələlərin də yenidən nəzərdən keçiriləcəyini qeyd edib. Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, beşinci nəsil F-35 qırıcılarının ABŞ-dan alınması yenidən gündəmə gələ bilər. Bütün bunlar Türkiyənin beynəlxalq mövqeyinin daha da gücləndiyini göstərir. Digər mühüm məqam isə ABŞ-ın Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin aradan qaldırılmasında maraqlı olmasıdır. Bu, Vaşinqton üçün Yaxın Şərqdə formalaşan mürəkkəb geosiyasi şərait baxımından xüsusi əhəmiyyət daşıyır. İran ətrafında gərginliyin yenidən artması və mümkün hərbi eskalasiya ehtimallarının güclənməsi fonunda ABŞ-ın regionda etibarlı tərəfdaşa ehtiyacı var. Belə bir şəraitdə Türkiyə həm regional güc, həm də diplomatik imkanları ilə sülh prosesinə töhfə verə biləcək ən uyğun tərəfdaşlardan biri kimi qiymətləndirilir. Son hadisələr, xüsusilə də NATO sammitinin nəticələri Türkiyənin həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda geosiyasi proseslərə təsir imkanlarını daha da artıracaq”.

Leyla Turan

D
demokrat.az