Sosial Özəl

Bu detallar məhkəmənin qərarını dəyişə bilər — Açıqlama

Bu detallar məhkəmənin qərarını dəyişə bilər — Açıqlama

Sosial şəbəkələrdə “Arzum” ləqəbi ilə tanınan influenser Ulduzə Hacıyevanın 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi müzakirələrə yol açıb. Xüsusilə ölümlə nəticələnən yol qəzalarında cəzanın sərtliyi, hadisə yerindən qaçmanın hüquqi nəticələri və zərərçəkən tərəflə barışığın hökmə təsiri yenidən müzakirə mövzusuna çevrilib.

Bəs belə hallarda məhkəmələr hansı amilləri nəzərə alır və cəzanın yüngülləşdirilməsi hansı şərtlərdə mümkün olur?

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, ölümlə nəticələnən yol qəzalarında azadlıqdan məhrumetmə cəzası, demək olar ki, qaçılmaz olur:

"Zərərçəkənin ailəsi ilə barışıq əldə olunmadıqda, adətən 5 ildən artıq cəza təyin edilir və məhkum məntəqə tipli deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilir. Hadisə yerindən qaçmaq cəzanı ağırlaşdıran hal hesab olunur və bu halda həbs qərarının verilməsi qaçılmaz olur. Yol nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində təqsirləndirilən şəxsə bir neçə maddə üzrə ittiham irəli sürülməsi də onun azadlıqda qalması ehtimalını aradan qaldırır".

Vəkil bildirib ki, qadın olmaq cəzanı yüngülləşdirən hal deyil:

"Yalnız hamiləlik və ya təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqların olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilər. Peşmançılıq və vurulmuş zərərin ödənilməsi də yüngülləşdirici hallar sırasına daxildir, lakin bunlar zərərçəkən tərəflə barışıq qədər güclü təsir göstərmir", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az