Maraqlı Özəl

Okeanın dibindəki vulkan Yer üzündə maddəni püskürdü

Okeanın dibindəki vulkan Yer üzündə maddəni püskürdü

Madaqaskar sahilləri yaxınlığında yerləşən sualtı vulkan Yer tarixinin ilk 100 milyon ilində mövcud olmuş ilkin maqma okeanından qalan maddənin kimyəvi izlərini səthə çıxarıb.

Demokrat.az xəbər verir ki, bu barədə "New Scientist" nəşri məlumat yayıb.

Alimlər uzun illər hesab edirdilər ki, Yer mantiyası – yer qabığının altında yerləşən qalın və isti qaya qatı – 4 milyard ildən artıq müddətdə fasiləsiz qarışıb. Buna görə də planetin ən qədim dövrlərinə aid kimyəvi izlərin zamanla tamamilə yox olması gözlənilirdi. Lakin yeni kəşf bu fərziyyəni şübhə altına alır.

Alim Katrin Şovel bildirib:

“Bu kəşf bir çox təsəvvürü dəyişəcək. Çünki artıq sübutumuz var ki, Yer tarixinin ən erkən mərhələsinə, təxminən 4,5 milyard il əvvələ aid materiallar bu gün də kifayət qədər miqdarda mövcuddur və onları vulkanik süxurlardan aşkar etmək mümkündür”.

Alimlərin ehtimalına görə, Hadey dövründə Mars ölçüsündə bir səma cismi Yerə çırpılıb və onun qalıqları sonradan Ayı əmələ gətirib. Toqquşma nəticəsində gənc planet o qədər qızıb ki, onun səthi tamamilə ərimiş lava okeanı ilə örtülüb. Sonrakı milyonlarla il ərzində bu maqma soyuyaraq kristallaşıb və mantiyanın üzərində ilk Yer qabığını formalaşdırıb.

Bəzi tədqiqatçılar əvvəllər də həmin ilkin kristallaşmanın izlərinin mantiyada qorunub qala biləcəyini irəli sürmüşdülər. Lakin bunu təsdiqləmək üçün kifayət qədər dəqiq analiz üsulları mövcud deyildi.

Şovelin sözlərinə görə, araşdırmalar 2018-ci ilin mayında Madaqaskarla Mozambik arasında yerləşən Fransaya məxsus Mayot adası yaxınlığında qeydə alınan qeyri-adi zəlzələ silsiləsindən sonra başlayıb. Bu hadisələr alimləri adadan təxminən 50 kilometr şərqdə yerləşən və "Fani Maore" adlandırılan yeni sualtı vulkanın kəşfinə gətirib çıxarıb. Növbəti üç il ərzində davam edən püskürmələr nəticəsində Mayot adasının altından o qədər maqma çıxıb ki, ada təxminən 20 santimetr çöküb.

Tədqiqatçılar "Fani Maore" vulkanından və qonşu Mayot adasından vulkanik süxur nümunələri götürərək onların kimyəvi tərkibini müqayisə ediblər. Araşdırmaya "Cambridge University"nin alimi Klodin İzrael də qoşulub. O, neodim izotopları arasındakı ən kiçik fərqləri müəyyən etməyə imkan verən yeni yüksək dəqiqlikli metoddan istifadə edib. Onun sözlərinə görə, məhz bu izotoplar Yerin ilkin maqma okeanının soyuması və kristallaşması prosesinin kimyəvi izlərini qoruyub saxlayır.

Məlum olub ki, "Fani Maore" lavasında neodim-142 izotopunun neodim-144-ə nisbəti Mayot lavası ilə müqayisədə bir qədər yüksəkdir. Alimlər hesab edirlər ki, bu, milyardlarla il ərzində mantiyanın qarışmasından kənarda qalmış qədim bir mantiya sahəsinin mövcudluğunu göstərir. Həmin sahənin, ehtimal ki, Yerin ilkin maqma okeanından ilk kristallaşan minerallardan biri sayılan "bridqmanit"lə daha zəngin olduğu bildirilir.

Məqalədə qeyd olunur ki, əldə edilən nəticələr Yer mantiyasının geoloqların düşündüyü qədər tam qarışmadığını göstərir. Klodin İzraelin sözlərinə görə, bu kəşf alimlərə planetin ilkin maqma okeanının necə bərkiyib formalaşdığını daha dəqiq bərpa etməyə kömək edə bilər.

Alim Bernar Burdon isə bildirib:

“Bu, bir növ Yer nüvəsindən götürülmüş nümunənin hansısa yolla səthə çıxmasına bənzəyir”.

Jalə Demokrat.az

D
demokrat.az