Dünya Özəl

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

"Forbes" ABŞ-da keçirilən ikinci xüsusi reytinqi təqdim edərək ölkənin ən varlı ailələrini açıqlayıb.

Demokrat.az bildirir ki, siyahıda ən az 10 milyard dollar sərvətə sahib 54 ailə klanı yer alır. 2024-cü ildə bu rəqəm 45 idi. Yeni reytinqdə ailələrin ümumi sərvəti 1,9 trilyon dollar olaraq göstərilib ki, bu da iki il əvvələ nisbətən təxminən 600 milyard dollar artım deməkdir.

"Forbes"in məlumatına görə, ABŞ-da bir çox varlı ailənin kökləri dərin tarixə gedib çıxır və bu biznes imperiyaları çox vaxt nəsillər boyu ailə nəzarətində qalır.

Siyahıda Hughes ailəsi 14,7 milyard dollar sərvətlə "Public Storage" şirkətinə rəhbərlik etməklə, Du Pont ailəsi isə ən köklü sülalələrdən biri kimi qeyd olunur.

Reytinqdən yalnız bir ailə – Chao klanı çıxarılıb. Digər ailələrdən yalnız yeddisinin sərvətində azalma qeydə alınıb. Ən böyük itki "Brown-Forman" (Jack Daniel’s) şirkətini idarə edən Brown ailəsində baş verib.

Walton ailəsi liderliyini qoruyur

Siyahıda ən varlı ailə Sam Waltonun nəsli olub. Walton ailəsinin sərvəti son iki ildə təxminən 253 milyard dollar artaraq 520 milyard dollara yüksəlib. Bu artım əsasən Walmart səhmlərinin 117% bahalaşması ilə əlaqələndirilir.

Ekspertlərin qeyd etdiyinə görə, Walton ailəsinin sərvəti artmağa davam etsə, Sam Walton bu gün sağ olsaydı, onun şəxsi sərvəti dünyada İlon Maskdan sonra ikinci ən böyük sərvət ola bilərdi.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

1.Walton ailəsi — 520 milyard dollar

Sərvət: 520 milyard dollar

Sərvət mənbəyi: "Walmart"

Biznesin başlanğıcı: 1962-ci il

Baş qərargah: Bentonville, Arkanzas (ABŞ)

Walton ailəsi "Walmart" dakı paylarına görə Amerikanın ən varlı ailəsidir. 2026-cı ilin fevralında şirkət ilk dəfə 1 trilyon dollarlıq bazar dəyərinə çatan oflayn pərakəndə satış şirkəti olub.

Şirkətin səhmlərinin təxminən 41%-i Sam Walton və onun qardaşı Bud Waltonun yeddi varisinin ailələrinə məxsusdur.

Varislər arasında Sam Waltonun üç övladı (Rob, Jim və Alice Walton), gəlinləri Kristi Walton və onun oğlu Lukas, həmçinin Bud Waltonun iki qızı (Anna Walton Kroenke və Nancy Walton Laurie) yer alır. Atalarının ölümündən sonra idarə heyətinin sədri Rob Walton olub, daha sonra 2015-ci ildə onu Greg Penner əvəz edib. 2024-cü ildə Rob idarə heyətindən ayrılıb. Jim Waltonu isə 2016-cı ildə oğlu Stuart əvəz edib.

2022-ci ildə Rob Waltonun rəhbərlik etdiyi investor qrupu “Denver Broncos” Amerika futbol klubunu 4,7 milyard dollara alıb. Ailənin sərvəti həm də Stan Kroenke-nin sahib olduğu “Los Angeles Rams” və “Arsenal” kimi idman klubları vasitəsilə artır.

Fakt: 2011-ci ildə Alice Walton Bentonville şəhərində “Crystal Bridges” Amerika İncəsənət Muzeyini açıb.

Fakt: "Walmart" qurucusu Sam Walton səhmlərinin 80%-ni hələ şirkət böyüməzdən əvvəl övladlarına ötürərək böyük miras vergilərindən yayınıb.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

Kochailəsinin sərvəti son iki ildə 41 milyard dollar artaraq, 157 milyard dollara çatıb. Bununla da ailə reytinqdə 3-cü yerdən 2-ci yerə yüksəlib. Ailə 1967-ci ildə vəfat etmiş Fred Koch-un oğlu, hazırda 90 yaşlı Çarlz Kochtərəfindən idarə olunur.

2. Koch ailəsi — 157 milyard dollar

Sərvət: 157 milyard dollar
Sərvət mənbəyi: "Koch, Inc"(əvvəlki Koch Industries)
Biznesin başlanğıcı: 1925-ci il
Baş qərargah: Uichita, Kanzas (ABŞ)

"Koch, Inc". ABŞ-ın gəlir baxımından ən böyük özəl şirkətlərindən biridir. Şirkətin əsası 1940-cı ildə Fred C. Koch tərəfindən "Wood River Oil and Refining Company" adı ilə qoyulub.

1967-ci ildə Fred Koch-un ölümündən sonra şirkətin rəhbərliyi onun oğlu Çarlza keçib. Digər üç oğul — Frederik, Devid və Uilyam (Bill) də şirkətdə pay sahibi olublar. Lakin qardaşlar arasındakı rəqabət nəticəsində Frederik və Bill şirkətdən uzaqlaşdırılıb və 1983-cü ildə onların səhmləri təxminən 1 milyard dollara geri alınıb.

Çarlz Koch bu gün də şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru olaraq qalır. "Koch, Inc" in illik gəliri təxminən 125 milyard dollardır və şirkət kağız məhsulları, kimya, elektronika və proqram təminatı kimi müxtəlif sahələrə genişlənib.

Çarlzın oğlu Çeyz Koch “Koch Disruptive Technologies” adlı vençur bölməsini yaradıb və şirkətdə yüksək vəzifə tutur.

Devid Koch 2019-cu ildə vəfatından bir il əvvəl şirkətdəki vəzifəsindən ayrılıb. Hazırda həm Çarlzın, həm də Devidin ailəsi şirkətin təxminən 42%-nə sahibdir.

Fakt: Bill Koch “Oxbow” adlı enerji şirkətini yaradıb. Frederik Koch isə 2020-ci ildə vəfatına qədər əsasən xeyriyyəçilik və incəsənət sahəsində fəaliyyət göstərib.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

3.Mars ailəsi — 129 milyard dollar

Sərvəti: 129 milyard ABŞ dolları
Sərvətin mənbəyi:"Mars, Inc".
Biznesin başlanğıcı: 1911-ci il
Baş ofisi: Maklin, Virciniya ştatı

Mars ailəsi illik gəliri təxminən 65 milyard dollar olan, dünyanın ən böyük şirniyyat, ev heyvanları üçün yem və qida məhsulları istehsalçılarından biri olan "Mars, Inc" şirkətinə sahibdir. Ailə üzvləri şirkətin gündəlik fəaliyyətində iştirak etməsələr də, direktorlar şurasında təmsil olunurlar.

Biznesin əsası 1911-ci ildə Frank Mars tərəfindən qoyulub. O, Vaşinqton ştatının Takoma şəhərində öz mətbəxində hazırladığı şirniyyatları satmağa başlayıb. Frankın oğlu Forrest Mars 1929-cu ildə rəsmi olaraq ailə şirkətində işləməyə başlayıb və atası ilə birlikdə sonradan "Milky Way" və "Snickers" şokoladlarının əsasını təşkil edən səməni dadlı nuqa hazırlayıb.

2025-ci ildə Mars korporasiyası qəlyanaltı istehsalçısı "Kellanova" şirkətini 35,9 milyard dollar nağd və kredit vəsaiti qarşılığında satın alıb.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

4.Conson (Edvard) ailəsi — 69,5 milyard dollar

Sərvəti: 69,5 milyard ABŞ dolları

Sərvətin mənbəyi: "Fidelity Investments"

Biznesin başlanğıcı: 1946-cı il

Baş ofisi: Boston, Massaçusets ştatı

Bostonda yaşayan Conson ailəsi maliyyə xidmətləri nəhəngi "Fidelity Investments" şirkətinin 49 faizinə sahibdir. Qalan 51 faiz isə şirkətin əməkdaşlarına məxsusdur. Şəkildə görünən Abiqeyl Conson ailə biznesinə üçüncü nəsildə rəhbərlik edir. O, 2014-cü ildə idarəçiliyi atası Edvard "Ned" Conson III-dən təhvil alıb. Edvard "Ned" Conson III 2022-ci ildə vəfat edib.

"Fidelity Investments" şirkəti 1946-cı ildə Abiqeylin babası Edvard K. Conson II tərəfindən təsis edilib.

2025-ci ilin dekabr ayına olan məlumata görə, şirkətin idarə etdiyi aktivlərin həcmi 7,1 trilyon dollara çatıb. Bu göstərici ilə şirkət öz sahəsində dünyanın ən böyük maliyyə qurumlarından biri hesab olunur.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

5. Karqill-Makmillan ailəsi — 67,9 milyard dollar

Sərvəti: 67,9 milyard ABŞ dolları

Sərvətin mənbəyi: Cargill

Biznesin başlanğıcı: 1865-ci il

Baş ofisi: Minneapolis, Minnesota ştatı

Karqill-Makmillan ailəsi ABŞ-ın ən böyük özəl şirkəti olan "Cargill" şirkətinə sahibdir. Şirkətin illik gəliri təxminən 154 milyard ABŞ dolları təşkil edir.

Şirkətin əsası 1865-ci ildə U. U. Karqill tərəfindən Ayova ştatının Konover şəhərində taxıl anbarı biznesinin yaradılması ilə qoyulub.

Bu gün "Cargill" taxıl istehsalı, qarğıdalı siropu, nişasta və heyvan yemi istehsalı sahələrində əsas oyunçulardan biridir. Şirkət eyni zamanda ət məhsullarının emalı və qablaşdırılması, eləcə də enerji sektorunda ticarət fəaliyyəti ilə məşğuldur.

Ailə ən azı 100 üzvdən ibarətdir və şirkətin nizamnamə kapitalının təxminən 88 faizi onların nəzarətindədir. Ailənin 21 üzvü milyarder statusuna malikdir.

Ailə üzvlərindən sonuncu baş icraçı direktor vəzifəsində çalışan şəxs Uitni Makmillan olub. O, bu vəzifəni 1976–1995-ci illərdə icra edib və 2020-ci ildə vəfat edib.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

6. Pritsker ailəsi — 53,2 milyard dollar

Sərvəti: 53,2 milyard dollar

Sərvətin mənbəyi: Hyatt otelləri və digər aktivlər

Biznesin əsası: 1936-cı il

Baş ofisi: Çikaqo, İllinoys ştatı

2000-ci illərdə nüfuzlu Pritsker ailəsi trast fondları uğrunda mübarizəyə qoşulub və zamanla "Hyatt" otellər şəbəkəsini də əhatə edən sərvətlərini bölüşdürüb.

1986-cı ildə vəfat edən A. N. Pritsker oğulları ilə birlikdə "Hyatt" otellər şəbəkəsini yaradıb və sonradan "Berkshire Hathaway" şirkətinə məxsus olan "Marmon Group" sənaye holdinqinə investisiya yatırıb.

2026-cı ilə qədər "Hyatt" şirkətinin direktorlar şurasına Tomas Pritsker rəhbərlik edib. Lakin o, Ceffri Epşteynlə dostluğuna yönələn ictimai diqqət səbəbindən bu vəzifədən ayrılıb. Onun oğlu Ceyson Pritsker isə direktorlar şurasının üzvü olaraq fəaliyyətini davam etdirir.

Cey Bi Pritsker 2019-cu ildə İllinoys ştatının qubernatoru seçilib. Bacısı Penni Pritsker isə Barak Obama administrasiyasında ABŞ-ın ticarət naziri vəzifəsində çalışıb.

2002-ci ildə atasını və digər ailə üzvlərini məhkəməyə verən Lizel Pritsker Simmons sonradan mübahisəni barışıq yolu ilə həll edib. Hazırda o, sosial və ekoloji təsir yaradan layihələrə sərmayə yatıran tanınmış impakt investor kimi tanınır.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

7. Dankan ailəsi — 43 milyard dollar

Sərvəti: 43 milyard dollar

Sərvətin mənbəyi: boru kəmərləri

Biznesin başlanğıcı: 1968-ci il

Baş ofisi: Hyuston, Texas ştatı

Dankan ailəsi 1968-ci ildə mərhum Den Dankan tərəfindən yaradılan Enterprise Products Partners L.P. boru kəməri holdinqinin səhmlərinin təxminən üçdə birinə sahibdir.

Boru kəmərləri biznesində uğur qazanmadan əvvəl Den Dankan Texasda böyüyüb. O, 7 yaşında anasını itirdiyi üçün nənəsinin himayəsində tərbiyə alıb.

Sahibkar 2010-cu ildə vəfat etdikdən sonra təxminən 10 milyard dollar dəyərində sərvət onun övladları — Randa Dankan Uilyams, Mileyn Frans, Dennin Dankan Avara və Skott Dankan arasında bölünüb.

O vaxtdan bəri ailənin sərvəti şirkətin səhmlərinin dəyərinin artması və yüksək dividend ödənişləri sayəsində dörd dəfə artıb.

Den Dankanın övladları arasında yalnız Randa Dankan Uilyams ailə biznesində fəaliyyət göstərir. O, 2013-cü ildən etibarən şirkətin direktorlar şurasının sədri vəzifəsini icra edir.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR
8. Keti ailəsi — 40,2 milyard dollar

Sərvəti: 40,2 milyard ABŞ dolları

Sərvətin mənbəyi: Chick-fil-A

Biznesin başlanğıcı: 1946-cı il

Baş ofisi: Atlanta, Corciya ştatı

2014-cü ildə vəfat edən S. Türyett Keti-nin varislərinə məxsus olan "Chick-fil-A fast-food" şəbəkəsi 2025-ci ildə 10,3 milyard dollar gəlir əldə edib.

Şəbəkə Türyett Keti tərəfindən 1967-ci ildə Atlanta ətrafındakı bir ticarət mərkəzində yaradılıb. Bu gün şirkət 48 ştatda, əsasən françayz modeli ilə fəaliyyət göstərən 3000-dən çox restoranı idarə edir.

İkinci nəsli təmsil edən Den Keti direktorlar şurasının sədridir. Onun qardaşı Baba Keti icraçı vitse-prezident vəzifəsini tutur, bacısı Trudi Keti-Uayt isə səfir kimi şirkətin açılış tədbirlərində və digər korporativ mərasimlərdə iştirak edir.

2021-ci ildə Den Keti direktor vəzifəsini üçüncü nəsli təmsil edən oğlu Endryu Ketiyə təhvil verib.

Ailə dərin dini inanclara malikdir və buna görə də "Chick-fil-A" restoranları bazar günləri bağlı olur. Bundan əlavə, ailə xristian təşkilatlarına, gənclərin təhsilinə və ailə məsləhət xidmətlərinə xeyli ianələr edir.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

9. S. K. Conson ailəsi — 39 milyard dollar

Sərvəti: 39 milyard ABŞ dolları

Sərvətin mənbəyi: təmizlik vasitələri

Biznesin başlanğıcı: 1886-cı il

Baş ofisi: Rasin, Viskonsin ştatı

Viskonsin ştatından olan Conson ailəsi böyük təmizlik məhsulları istehsalçısı olan "SC Johnson" şirkətinə sahibdir. Şirkətin təxminən illik gəliri 13 milyard dollar təşkil edir.

1886-cı ildə şirkətin qurucusu S. K. Conson parket istehsalı biznesinə başlayıb, iki il sonra isə müştərilər üçün döşəmələrin parıldadılması üçün mastika hazırlayıb.

Hazırda şirkət ailənin beşinci nəsli tərəfindən idarə olunur. "SC Johnson"un direktorlar şurasının sədri və eyni zamandaicraçı direktoru G. Fisk Conson III-dür.

Fiskin bacısı Helen Conson-Leypold birjada siyahıya alınmış "Johnson Outdoors" şirkətini idarə edir. Bu şirkət açıq hava və istirahət məhsulları istehsal edir. O, həm də "Johnson Financial Group"şirkətinin direktorlar şurasına rəhbərlik edir.

"SC Johnson"un səkkiz nəfərlik idarə heyətində Conson ailəsinin iki üzvü təmsil olunur.

ABŞ-ın ən varlı ailələri: ümumi sərvət 1,9 trilyon dolları keçib — FOTOLAR

10. Koks ailəsi — 38 milyard dollar

Sərvəti: 38milyard ABŞ dolları

Sərvətin mənbəyi: media

Biznesin başlanğıcı: 1898-ci il

Baş ofisi: Atlanta, Corciya ştatı

Koks ailəsi "Cox Enterprises" adlı media nəhənginə sahibdir. Şirkətin 2025-ci ildə gəliri təxminən 23,1 milyard dollar olub.

Şirkətin tərkibinə "Cox Communications" kabel-yayım şirkəti, "Cox Automotive" (Autotrader, Kelley Blue Book və Manheim kimi işlənmiş avtomobil satış platformalarının ana şirkəti), eləcə də "The Atlanta Journal-Constitution" kimi qəzetlər daxildir.

Baş şirkətin direktorlar şurasına və icra rəhbərliyinə dördüncü nəsli təmsil edən Alekz Teylor rəhbərlik edir. O, 1898-ci ildə Atlantada şirkəti quran Ceyms M. Koksun nəvəsinin nəvəsidir.

2019-cu ildə holdinq televiziya şirkətlərindəki nəzarət payını "Apollo Global Management" şirkətinə sataraq müqavilə üzrə təxminən 3 milyard dollar əldə edib.

Ceyms M. Koks 1898-ci ildə ilk qəzetini — "The Dayton Evening News" nəşrini satın alıb. Bu qəzet hazırda "The Dayton Daily News" adı ilə fəaliyyət göstərir və hələ də "Cox Enterprises"ə məxsusdur.

Qeyd edək ki, "Forbes"in məlumatına görə, milyardlarla dollar sərvətə malik ailələr ABŞ-ın 25 müxtəlif ştat və şəhərində yaşayır. Ən çox varlı ailə isə Nyu-Yorkda cəmləşib – burada ən az 10 milyard dollar sərvətə malik 7 ailə yaşayır.

Nyu-York həm də XIX əsrdə yaşamış media maqnatı Uilyam Rendolf Hirst ailəsinin mərkəzi hesab olunur. Onun nəslinin sərvəti təxminən 21,8 milyard dollar olaraq qiymətləndirilir.

Leyla Demokrat.az

D
demokrat.az