Maraqlı Özəl

Həftədə nə qədər qızılbalıq yemək təhlükəsizdir?

Həftədə nə qədər qızılbalıq yemək təhlükəsizdir?

Qırmızı balıq, xüsusilə də qızılbalıq sağlam qidalanmanın ən faydalı məhsullarından biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, onun da həddindən artıq istehlakı arzuolunmazdır.

Demokrat.az xəbər verir ki, bu barədə "HuffPost" nəşri dietoloqların rəylərinə istinadən yazıb.

Diyetoloq və nutrisioloq Canel Konnell qızılbalığı "super qida" adlandırıb. Onun sözlərinə görə, məhsulun əsas üstünlüyü tərkibindəki omeqa-3 yağ turşularıdır. Bu maddələr orqanizmdə iltihabın azalmasına kömək edir, beyin, ürək, dəri və qalxanabənzər vəzin sağlamlığını dəstəkləyir, həmçinin yağ mübadiləsini yaxşılaşdırır.

Qızılbalığın tərkibində hüceyrələri zədələnmədən qoruyan antioksidant astaksantin, yüksək keyfiyyətli zülal, eləcə də D və B12 vitaminləri də mövcuddur.

Diuetoloq Keti Sanders qeyd edib ki, qızılbalıq təbii şəkildə yüksək miqdarda D vitamini ehtiva edən azsaylı qidalardandır. Bu vitamin sümük, əzələ və immun sisteminin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məhsul həmçinin əzələlərin inkişafı və bərpasını dəstəkləyən keyfiyyətli zülal, eləcə də yod və selen kimi minerallarla zəngindir.

Bununla yanaşı, mütəxəssislər qızılbalığın tamamilə risksiz məhsul olmadığını da vurğulayırlar. Onun tərkibində az miqdarda polixlorlu bifenillər (PCB), civə və dioksinlər kimi çirkləndirici maddələr ola bilər. Bununla belə, qızılbalıqda civənin səviyyəsi tuna, köpəkbalığı və qılıncbalığı ilə müqayisədə xeyli aşağıdır.

Mütəxəssislərin sözlərinə görə, qızılbalığın həddindən artıq istehlakı nəticəsində yaranan problemlər nadir hallarda müşahidə olunur və adətən uzun müddət hər gün çox böyük miqdarda qəbul edildikdə ortaya çıxır. Mümkün əlamətlərə yorğunluq, diqqətin cəmlənməsində çətinlik, baş ağrısı və keyimə və ya iynələnmə hissi daxildir.

Diyetoloqlar bildirirlər ki, qızılbalığın digər qidaları əvəz edəcək dərəcədə tez-tez istehlakı qida rasionunun müxtəlifliyini azalda və orqanizmin fərqli zülal mənbələri, meyvə, tərəvəz və tam taxıllardan əldə etdiyi faydalı maddələrin qəbulunu məhdudlaşdıra bilər.

Mütəxəssislər əksər insanlar üçün həftədə iki-üç porsiya yağlı balıq istehlakını təhlükəsiz və faydalı hesab edirlər. Onlar bu normanı yalnız qızılbalıqla deyil, müxtəlif balıq növləri hesabına tamamlamağı tövsiyə edirlər. Müxtəlif qidalarla zəngin rasion bağırsaq mikrobiotasının sağlamlığını və ümumi orqanizm funksiyalarını daha yaxşı dəstəkləyir.

Mütəxəssislər həmçinin qızılbalıq alarkən onun qoxusuna, görünüşünə və teksturasına diqqət yetirməyi məsləhət görürlər. Təzə balıq yüngül və xoş qoxulu olmalı, səthi parlaq və nəm görünməli, əti isə elastik və təbii rəngini saxlamalıdır.

Jalə Demokrat.az

D
demokrat.az