Zəlzələ riski daşınmaz əmlak bazarında yeni tendensiyaları formalaşdırır. Alıcılar artıq təkcə qiymət və yerləşmə ilə deyil, binaların seysmik dayanıqlığı ilə də maraqlanır. Bəs bu amil köhnə binaların bazar dəyərinə təsir göstərir və alıcı davranışlarında hansı dəyişiklikləri yaradır?
Mövzu ilə bağlı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, alıcılar daha çox yeni binalara üstünlük verirlər, çünki onların istismar müddəti kifayət qədər uzun hesab olunur:

"Yəni yeni olduqları üçün həmin binalardan mənzil alan şəxs 80–100 il ərzində aşınma baxımından ciddi problem olmayacağını düşünür.
Amma elə yeni layihələr də var ki, normativlərə uyğun inşa olunmayıb, bəziləri hələ də dövlət qeydiyyatına alınmayıb, təhvil-təslim aktları imzalanmayıb və s. Belə binalar bəzən köhnə tikililərdən də təhlükəli ola bilir. Yəni bu, nisbi anlayışdır.
Burada əsas məsələ binanın yeni və ya köhnə olması deyil, onun normativlərə uyğun inşa edilib-edilməməsidir. Tikinti materiallarının keyfiyyəti, bünövrənin düzgün qurulması, layihəyə nəzarətin səviyyəsi və ümumilikdə tikinti prosesinin standartlara uyğunluğu əsas rol oynayır. Bu şərtlərə cavab verən binalar təbii ki, zəlzələyə daha davamlı olur".

Ekspert deyib ki, istismar müddəti artdıqca isə konstruktiv elementlərin aşınması baş verir və müəyyən həddi keçdikdən sonra hətta əsas daşıyıcı elementlər də risk altına düşə bilər:
"Bu səbəbdən yeni binalara marağın artmasını başa düşmək olar. Hazırda vətəndaşlar tikinti şirkətinin keçmişinə, istifadə olunan materiallara və normativlərə uyğunluğa daha çox diqqət yetirirlər. Türkiyədə baş verən zəlzələ faciəsindən sonra isə bu mövzu daha da aktuallaşıb.
Gələcəkdə hətta enerji pasportu kimi məsələlərin də gündəmə gəlməsi mümkündür. Ümumilikdə daşınmaz əmlak bazarında alıcı davranışları zamanla dəyişib: 2000-ci illərə qədər bir yanaşma, 2020-ci ilə qədər başqa yanaşma, son illərdə isə daha fərqli tendensiya formalaşıb. Ağıllı idarəetmə sistemləri, smart texnologiyalar və normativlərə uyğun tikilmiş binalar daha çox tələb olunur.
Azərbaycan kimi seysmik aktiv bölgədə isə zəlzələyə davamlılıq əsas prioritetlərdən biridir. Gələcəkdə alıcılar daha çox etibarlı şirkətlərə üstünlük verəcək və tikinti keyfiyyəti ilə bağlı daha detallı məlumat tələb edəcəklər", - deyə o qeyd edib.


