Maraqlı Özəl

Suyun kimyəvi tərkibi ilə bağlı sirr illər sonra üzə çıxdı

Suyun kimyəvi tərkibi ilə bağlı sirr illər sonra üzə çıxdı

Uzun illərdir elm dünyasında suyun əslində iki fərqli mayenin qarışığı olması barədə fərziyyə var idi. Suyun həm sıx, həm də daha duru formadan ibarət olduğu düşünülürdü. Lakin bu proses mikrosəviyyədə çox sürətlə baş verdiyi üçün indiyə qədər onu sübut etmək mümkün olmamışdı.

Honkonq Şəhər Universitetinin fiziki kimyaçısı Syao Çen Tsen bu sahəni onilliklərdir araşdırır. O, suyun iki fərqli sıxlıqda mövcud ola biləcəyi ideyası üzərində 2000-ci illərin ortalarından bəri işləyir. Əvvəllər adi kompüter proqramları və təcrübələr bu sirri açmağa bəs etmirdi.

Tədqiqatçılar ənənəvi üsullardan imtina edərək köməyə süni intellekti çağırdılar. Neyroşəbəkəyə əvvəlcədən heç bir şablon verilmədi. Süni intellekt milyonlarla məlumatın içində gizli qanunauyğunluqları özü axtarıb tapmalı idi.

Alimlər yüz minlərlə su molekulunun hərəkətini xüsusi proqramla izlədilər. Bu proses nəticəsində nəhəng məlumat bazası yarandı. Adi üsullarla bu materialı təhlil etmək tələbələrin bütöv bir onilliyini ala bilərdi. Süni intellekt isə bu işin öhdəsindən cəmi il yarım ərzində gəldi.

Nəticədə texnologiya molekulların bir vəziyyətdən digərinə necə keçdiyini dəqiqliklə üzə çıxarıb.

"Nature Physics" jurnalında dərc olunan bu kəşf suyun bir çox qəribə xassələrini izah etməyə kömək edəcək.

Yeni tapıntı kimya, biologiya və təbabətdə tamamilə yeni üfüqlər açır.

Demokrat.az

D
demokrat.az