İyunun 29-dan etibarən Merkuri planeti retroqrad fazasına daxil olur. İyulun 23-dək davam edəcək bu dövrdə planet Xərçəng bürcündə qərarlaşacaq.
Astroloqlar bildirirlər ki, builki yay retroqradı texniki nasazlıqlardan daha çox ailə, ev, emosiyalar və keçmiş xatirələrlə yadda qalacaq. Xərçəng bürcünün təsiri ilə insanlar qərarlarını məntiqlə yox, emosiyalarla qəbul etməyə meylli olacaqlar. Bu vəziyyət sənədləşmə işlərində və münasibətlərdə ciddi anlaşılmazlıqlara, incikliklərə yol aça bilər.
Bu dövr həm də güclü nostalgiya hissi ilə xarakterizə olunur. Keçmiş dostlar, köhnə sevgililər yenidən həyatınıza qayıda bilər. Ailə daxilində isə əmlak, miras və ya uzun müddət gizli qalmış köhnə incikliklərin yenidən gündəmə gəlməsi gözlənilir. Məişət sahəsində də diqqətli olmaq lazımdır, çünki su təchizatı və mətbəx avadanlıqlarının sıradan çıxması riski yüksəkdir.
Astroloqlar iyulun 23-dək vacib müqavilələr imzalamağı, böyük satınalmalar etməyi, yeni işə düzəlməyi və nikah bağlamağı tövsiyə etmirlər. Xüsusilə iyunun 28, 29 və 30-da uzaq səfərlərə çıxmaq məsləhət görülmür.
Elmi baxımdan yanaşdıqda isə retroqrad Merkuri sadəcə optik illüziyadır. Yer və Merkuri planetlərinin Günəş ətrafındakı sürət fərqinə görə Yerdən baxanda planetin geriyə doğru hərəkət etdiyi təəssüratı yaranır. Elm dünyası bu hadisənin uğursuzluqlar və ya texniki qəzalarla hər hansı fiziki əlaqəsinin olmadığını sübut edib. Astroloqlar isə bu dövrü qorxu ilə yox, daxili təmizlənmə şansı kimi dəyərləndirməyi məsləhət görürlər. Köhnə işləri tamamlamaq, evi lazımsız əşyalardan təmizləmək və yarımçıq qalmış layihələri yenidən gözdən keçirmək üçün ideal zamandır. Bu period emosional su bürcləri olan Xərçəng, Əqrəb və Balıqlardan daha çox təmkinli olmağı tələb edəcək.
Demokrat.az


