Kanadanın Manitoba əyalətində hər il yaz aylarında planetin ən nadir və vahiməli təbiət hadisələrindən biri yaşanır. Vinnipeq şəhəri yaxınlığındakı Narsis ilan yuvalarında on minlərlə sürünən eyni vaxtda yerin altından səthə axışaraq çoxalma dövrünə başlayır.
Aprelin sonu və mayın əvvəlinə təsadüf edən bu kütləvi toplaşma dünyada analoqu olmayan mənzərə yaradır. Həm elm adamları, həm də adrenalin axtaran turistlər bu qeyri-adi hadisəni öz gözləri ilə görmək üçün bölgəyə axın edirlər. Narsisdəki yuvalar əhəngdaşı süxurlarında suyun aşındırması nəticəsində təbii şəkildə yaranıb. Bu yeraltı mağaralarda temperatur qışda belə müsbət dərəcədə qaldığı üçün ilanlar dondan qorunaraq soyuq ayları burada keçirirlər.
Hava qızan kimi minlərlə erkək ilan yuvaların ağzına toplaşaraq dişilərin çıxmasını gözləyir. Dişi ilan görünən an onlarla erkək onun ətrafını sararaq "cütləşmə topu" adlanan qəribə görüntülər formalaşdırır. Bəzən tək bir dişinin ətrafında 100-ə yaxın erkək ilan toplaşır. Məhz bu mənzərəyə görə ərazi dünyada ən çox fotoşəkil çəkilən məkanlardan birinə çevrilib.
Bəzi günlərdə ərazidəki ilanların sayı 70 mindən 100 minə qədər yüksəlir. Bölgədə əsasən qırmızıyanlı bağ ilanları məskunlaşıb. Bu növ insanlar üçün tamamilə ziyansızdır və çoxalma vaxtı ətrafa heç bir aqressiya nümayiş etdirmir.
Əvvəllər yay miqrasiyası zamanı minlərlə ilan avtomobil yollarında təkərlər altında qalaraq tələf olurdu. Yerli rəhbərlik bu problemi həll etmək üçün yolların altından xüsusi tunellər qazıb və yönləndirici hasarlar çəkib. Hazırda turistlər xüsusi platformalardan bu vahiməli, həm də maraqlı təbiət hadisəsini təhlükəsiz şəkildə izləyə bilirlər.
Demokrat.az


