Azərbaycanda hər il iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir. Bu xüsusi gün dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təsis olunub. Dövlət başçısının sərəncamı ilə reallaşan bu bayram dövlət aparatında çalışanların fəaliyyətinə verilən yüksək qiymətdir. Müasir dövlət qulluğu sisteminin qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkədə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar aparıb. Dövlət qulluğunun qanunvericilik bazası məhz həmin illərdə formalaşıb. Prezident İlham Əliyev bu idarəçilik xəttini uğurla davam etdirir. Hazırda dövlət qulluğunda innovativ metodlar və elektron xidmətlər geniş tətbiq olunur. Bu islahatlar vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Dövlət qulluqçuları vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev dövlət qulluqçularının fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Bu peşə sahibləri dövlətin daxili və xarici siyasətinin icrasında birbaşa iştirak edirlər. Onların peşəkarlığı dövlət orqanlarının səmərəli fəaliyyətini təmin edir. Bayram ərəfəsində fərqlənən dövlət qulluqçuları müxtəlif orden və medallarla təltif olunurlar. Bu addım sahəyə olan dövlət qayğısının növbəti göstəricisidir. Dövlət qulluğu sistemində gənclərin payı da ilbəil artır. Savadlı və intizamlı kadrlar idarəçilik mexanizmini daha da gücləndirir. Şəffaflıq və obyektivlik bu sahənin əsas prinsipləri hesab olunur. Dövlət qulluqçuları ölkənin dayanıqlı inkişafına öz töhfələrini verirlər.
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlama verib.
O deyib ki, dövlət qulluqçusu olmaq cəmiyyət üçün yüksək məsuliyyət və şərəfli vəzifə hesab olunur:
“Bu sahə yalnız idarəetmə funksiyası deyil, həm də ictimai etimadın qorunması və dövlətin dayanıqlı inkişafına xidmət edən mühüm institutdur. Son illərdə Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Dövlət strukturlarının fəaliyyətində səmərəliliyin artırılması, idarəetmənin daha çevik və şəffaf mexanizmlər üzərində qurulması bu prosesin əsas istiqamətlərindəndir. Bu çərçivədə bəzi qurumların yenidən təşkili, funksional optimallaşma və struktur islahatları həyata keçirilir ki, bu da ümumi idarəetmə keyfiyyətinə müsbət təsir göstərir. Eyni zamanda, dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesi geniş vüsət alıb. Elektron xidmətlərin əhatə dairəsinin artırılması və vətəndaşların bir çox xidmətlərə onlayn şəkildə çıxış imkanının yaradılması idarəetmədə şəffaflığı və operativliyi yüksəldir. Bu yanaşma həm də bürokratik maneələrin azalmasına və vətəndaş məmnunluğunun artmasına xidmət edir”.
Onun sözlərinə görə, gənclərin dövlət qulluğuna marağı da son illərdə artan tendensiya göstərir:
“Dövlət qulluğu imtahanlarında iştirak edən gənclərin sayının çoxluğu bu sahəyə olan ciddi marağın göstəricisi kimi qiymətləndirilir. Bu, həm də yeni nəsil kadrların dövlət idarəetmə sisteminə inteqrasiyasını sürətləndirir. Bu prosesdə əməkhaqqı sistemində aparılan islahatlar da mühüm rol oynayır. Dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması və maaş sisteminin təkmilləşdirilməsi bu sahəyə olan marağın artmasına və kadrların daha stabil şəkildə fəaliyyət göstərməsinə müsbət təsir göstərir.
Ümumilikdə, həyata keçirilən islahatlar dövlət idarəetmə sisteminin modernləşdirilməsinə, peşəkar kadr potensialının gücləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib. Gələcək mərhələdə isə bu prosesin daha da dərinləşdirilməsi, peşəkar insan resurslarının hazırlanması və idarəetmədə innovativ yanaşmaların tətbiqi dövlət xidmətlərinin effektivliyini daha da artıracaq”.
Leyla Turan Demokrat.az


