Cəmiyyət Özəl

"25 yaşına qədər ailə qurmalıdır” kimi düşüncələr artıq aktuallığını itirib"

25 yaşına qədər ailə qurmalıdır” kimi düşüncələr artıq aktuallığını itirib

Müasir dövrdə münasibətlərə baxışın dəyişməsi ilə paralel olaraq insanların şəxsi həyatında da fərqli davranış modelləri müşahidə olunur. Bəzi şəxslər qısa müddətdə çoxsaylı münasibətlər yaşayır, tez-tez partnyor dəyişir və uzunmüddətli emosional əlaqə qurmaqda çətinlik çəkirlər. Bu hal bəzən travmalar, özünəinam problemi, emosional boşluq və ya diqqət ehtiyacı ilə əlaqəli ola bilər. Digər tərəfdən isə bunu sadəcə fərdi seçim və həyat tərzi hesab edənlər də var.

Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, münasibətlərə yanaşarkən insanları yalnız yaşadıqları münasibətlərin sayına görə dəyərləndirmək düzgün deyil:

“Cəmiyyətdə belə bir stereotip formalaşıb ki, əgər bir insan çoxsaylı münasibət yaşayırsa, deməli onun psixoloji problemi var. Halbuki müasir dövrdə gənclərin həyata baxışı əvvəlki nəsildən fərqlənir. Bu gün bir çox insan gec ailə qurmağa üstünlük verir, əvvəlcə özünü inkişaf etdirmək, təhsil almaq, xaricdə yaşamaq, səyahət etmək və həyatı daha yaxşı tanımaq istəyir. Vaxtilə mövcud olan “25 yaşına qədər ailə qurmalıdır” kimi düşüncələr artıq aktuallığını itirib. Bir insan münasibətdən ayrılırsa, burada əsas məsələ onun ayrılmağı bacarmasıdır. Çünki bu gün daha çox münasibəti bitirə bilməyən insanlar psixoloqlara müraciət edir. Əgər münasibətdə emosional boşluq, qayğı çatışmazlığı, sevgi və ya qarşılıqlı anlayış yoxdursa, ayrılıq qaçılmaz olur.

Bəzən uşaqlıq travmaları, əvvəlki münasibətlərdən qalan psixoloji təsirlər və ya tərəflərin bir-birinə uyğun gəlməməsi də buna səbəb ola bilər. Əgər münasibət sağlam şəkildə davam etmirsə və insan vaxtında “yox” deməyi bacarırsa, bu, sonradan yarana biləcək daha ağır problemlərin qarşısını ala bilər. Çoxsaylı münasibətlər bir çox hallarda insanın daxili emosional ehtiyaclarından qaynaqlanır. İnsan özünü təsdiq etmək, dəyərli hiss etmək, diqqət, qayğı və sevgi görmək istəyir. Ancaq münasibətin şüurlu şəkildə qurulması vacibdir. Münasibət qarşılıqlı hörmət və sevgi üzərində qurulmalıdır. Əgər münasibət yalnız maddi maraqlara, ehtiyaclara və ya hesablanmış məqsədlərə əsaslanırsa, onun uzunömürlü olması çətinləşir. Bəzi hallarda insanlar qarşı tərəfin özünü deyil, maddi imkanlarını ön plana çıxarır və bu da münasibətlərin tez bitməsinə səbəb olur”.

O bildirib ki, bir insanın bir neçə münasibət yaşayıb ayrılması onun mütləq problemli insan olması anlamına gəlmir:

“Sadəcə olaraq, axtardığı uyğunluğu tapa bilməyə bilər. Dünyanın bir çox ölkəsində insanlar bir neçə dəfə ailə qurur və bu, normal qarşılanır. İnsan istəmədiyi münasibətdə qalmaq əvəzinə, həyatını dəyişmək qərarı verir. Azərbaycanda isə bəzən münasibətlər və evliliklər nümayiş xarakteri daşıyır. Xüsusilə dəbdəbəli toyların qısa müddət sonra ayrılıqla nəticələnməsi cəmiyyətdə müzakirələr yaradır və bu halların ictimailəşdirilməsi bəzən yanlış nümunə kimi qəbul olunur. Bununla yanaşı, istisna hallar da mövcuddur. Paranoidal düşüncəli və ya patoloji yalan danışmağa meyilli insanlar uzunmüddətli münasibət qurmaqda çətinlik çəkə bilirlər. Davamlı şübhə, güvənsizlik və yalan üzərində qurulan münasibətlər adətən sağlam nəticə vermir. Bütün hallarda insanları çoxsaylı münasibət yaşadığına görə qınamaq doğru deyil. Hər kəsin şəxsi seçiminə hörmətlə yanaşmaq lazımdır. Ancaq şəxsi münasibətlərin sosial şəbəkələrdə şou formasında təqdim olunması, ictimaiyyətə aqressiv və qeyri-sağlam mesajların ötürülməsi də cəmiyyətə mənfi təsir göstərə bilər”.

Beləliklə, müasir dövrdə şəxsi münasibətlərin dinamikası və insanların partnyor seçiminə yanaşması əsaslı şəkildə dəyişir, bu tendensiya fərdi azadlıqlarla yanaşı həm də daxili psixoloji amillərlə formalaşır. Cəmiyyətin köhnəlmiş qəliblərindən uzaqlaşaraq fərdlərin qərarlarına anlayışla yanaşmaq vacib hesab olunur, lakin şəxsi həyatın sosial şəbəkələrdə nümayişkaranə şəkildə şouya çevrilməsi ümumi mühitə mənfi təsir göstərir. Münasibətlərin yalnız maddi maraqlar üzərində deyil, qarşılıqlı hörmət və emosional sağlamlıq çərçivəsində qurulması gələcəkdə yarana biləcək daha ağır mənəvi böhranların qarşısını alan əsas faktor addımı kimi dəyərləndirilməlidir.

Leyla Turan Demokrat.az

D
demokrat.az