Kriminal Özəl

"Oğlum hər gün evə sərxoş halda gəlir və məni döyüb incidir"

Oğlum hər gün evə sərxoş halda gəlir və məni döyüb incidir

Daşkəsən rayonunda 56 yaşlı kişi anasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən şəhəri, Səməd Vurğun küçəsində yerləşən binalardan birində yerləşən mənzilin mətbəx otağında baş verib.

Məlum olub ki, 1970-ci il təvəllüdlü Mehdi mətbəxdə masa arxasında yemək yeyib, spirtli içki qəbul edən zaman anası Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Buna səbəb qadının oğluna ona mütəmadi olaraq hər gün spirtli içki qəbul etməyinə görə iradlarını bildirməsi olub. Bu səbəbdən onların aralarında ailədaxili münasibətlər zəminində mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı Mehdi sərxoş vəziyyətdə olmaqla anası Səmayənin sinəsindən qəsdən əli ilə itələyib. Qadının başının arxa nahiyəsi divara dəyməsi nəticəsində xəsarət alıb.

İş üzrə izahat verən Mehdinin sözlərinə görə, anasını vurduğu gün evdə yemək yeyib, spirtli içki qəbul edib:

“Anam mənə spirtli içki qəbul etməməyimi bildirdi. Bu zaman mübahisələrimiz yarandı. Mübahisə edən zaman anam stəkanı götürərək məni vurmaq istədi. Mən isə anamın əlindən tutaraq onu itələdim və anamın başı divara dəydi. Hadisə baş verən gün qardaşım arvadı da evdə bizim yaxınlığımızda olub. Anamı itələdikdən sonra qardaşım arvadı anam ilə birlikdə evdən getdi”.

Təqsirləndirilən şəxs deyib ki, heç bir yerdə işləmir və qazancı yoxdur: “Ona görə də hər gün araq alıb içə bilmirəm. Pulu olduğu halda araq alaraq içə bilirəm. Hazırda əməlimdən peşman olmuşam”.

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, hadisə baş verən gün oğlu Mehdi yemək yeyib, spirtli içki qəbul etdikdən sonra ondan pul verməsini tələb edib:

"Mən pulum olmadığını bildirdim. Aramızda mübahisə zaman oğlum saçımdan tutaraq başımı divara vurdu. Oğlum məni vurduğu vaxt gəlinim İlhamə də yanımızda olub. Gəlinim məni oğlumun əlindən alaraq evdən çölə çıxardı. Evdən çıxdıqdan sonra özüm qonşuya, gəlinim isə anasıgilə getdi. Oğlum hər gün evə sərxoş halda gəlir və məni döyüb incidir. Hadisə baş verən gündən sonra da oğlum evə gələrək yenə də məndən pul istəyib və mənimlə mübahisə edib. Aylıq pensiyasımı oğlum məndən alaraq xərcləyir”.

Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Mehdi 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova