Abşeronun Masazır qəsəbəsində ailə münaqişəsi qonaq məsələsinə görə başlayıb. İddiaya görə, 31 yaşlı kişi həyat yoldaşının qohumunun onlara qonaq gəlməsinə etiraz edib. Mübahisə zamanı qadına xəsarət yetirilib. Məhkəmə araşdırması zamanı tərəflərin barışdığı məlum olub və cinayət təqibinə xitam verilib.
Demokrat.az xəbər verir ki,hadisə Masazır qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sakini Tamerlan evində arvadı Telli (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların mübahisəsinə səbəb Tellinin qohumunun onlara qonaq gəlmək istəməsi barədə olub.
Belə ki, o, arvadının qohumunun onlara qonaq gəlməsini istəməyib. Bu zaman qadın ərinin bu etirazına kobud cavab verib. Buna görə onların arasında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən 31 yaşlı kişi arvadına əsəbiləşib. O, qadının üzərinə hücum edib, qəsdən əl, yumruq, habelə təpik zərbələri onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Abşeron Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş qadına da ərinə qarşı olan şikayətini geri götürüb, onu bağışlayıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


