Sumqayıt şəhərində 31 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində baş verib.
1995-ci il təvəllüdlü Siyəzən rayon sakini Adəm həmin qəsəbədə yerləşən fərdi yaşayış evində aralarında yaranmış ailə münaqişəsi zəminində həyat yoldaşı Tahirə (adlar şərtidir – red.) mübahisə edib. O, qadının başından əl zərbəsi və taxta stulla vuraraq, ona xəsarətlər yetirib.
İş üzrə izahat verən Adəm bildirib ki, Tahirə ilə 2018-ci ilin dekabr ayında ailə həyatı qurub, lakin onların rəsmi nikahları yoxdur:
“Birgə ailə həyatımızdan 2022-ci il təvəllüdlü Qəmbər adlı bir övladımız var. Mən müxtəlif işlərdə fəhlə kimi işləyərək çətinliklə pul qazanıram. Son bir neçə gündür ki, gecə saatlarında işlədiyim üçün evə gedə bilməmişəm. Tahirə mənə zəng vuraraq pul istəsə də, ona pulum olmadığını dedim. Buna görə də Tahirə mənim mobil nömrəmi öz telefonunda əngəllədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 21:30-da yaşadığı evə gedib:
“Bu zaman Tahirə nə üçün ona pul vermədiyimi soruşaraq mübahisə etməyə başladı. Mən də əsəbləşərək yumruqlarla onun sifətindən və başından vurdum. Həmçinin evdə olan taxta stulla onun başından bərkzərbə ilə vuraraq onu döydüm. Həmin vaxt evdə olan qaynanam Kəmalə məni sakitləşdirdi və mən evdən çıxaraq getdim”.
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, Adəm son bir neçə gün evə gəlməyib və evə ərzaq almasını istəsə də, ona pul verməyib:
“Buna görə də Adəmin mobil nömrəsini öz telefonumda əngəllədim. Məlum hadisə günü, təxminən saat 21:30-da Adəm yaşadığımız evə gəldi. Ondan nə üçün evə ərzaq almaq üçün pul vermədiyini soruşdum, onunla mübahisə etməyə başladım. Adəm də əsəbləşərək yumruqlarla sifətimdən və başımdan vurdu. Həmçinin evdə olan taxta stulla başımdan bərk bir zərbə ilə vuraraq məni döyməyə başladı. Həmin vaxt evdə olan anam bizi ayırdı. Bundan sonra Adəm evdən çıxaraq getdi. Bu barədə mənimlə qonşuluqda yaşayan qardaşıma zəng vuraraq məlumat verdim. O, yaşadığım ünvana gələrək mənim xəsarətlər aldığımı gördü. Sonra Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına və Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdim”.
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona vurulmuş ziyan ödənilib. O, Adəmə qarşı heç bir şikayəti olmadığını bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


