Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat məsələsi uzun illərdir sosial və hüquqi müzakirələrin mövzusu olaraq qalır. Xüsusilə mənzilini satan, lakin sonradan daimi qeydiyyata düşmək üçün başqa yaşayış yeri olmayan şəxslər ciddi çətinliklərlə üzləşirlər. Belə hallarda vətəndaş əvvəlki ünvan üzrə qeydiyyatdan çıxarıldıqdan sonra yeni ünvan tapa bilmədiyi üçün müxtəlif dövlət xidmətlərindən yararlanmaqda, rəsmi sənədləşmə işlərini həyata keçirməkdə və digər prosedurlarda problemlər yaşayır. Mövcud vəziyyət bəzi hallarda insanların faktiki olaraq qeydiyyatsız qalmasına səbəb olur.
Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, problemin həlli yalnız qanunvericiliyə dəyişiklik etməklə mümkün deyil. Onun fikrincə, cəmiyyətdə formalaşmış bəzi yanlış yanaşmalar da bu məsələnin həllini çətinləşdirir.
"Təbii ki, şəxslərin qeydiyyatda olması vacibdir və bu, normal tələbdir. Lakin qanunvericiliklə yanaşı, insanların bu məsələyə münasibəti və düşüncə tərzi də dəyişməlidir. Əslində vətəndaş faktiki olaraq harada yaşayırsa, dövlət qurumlarına və ya polisə müraciət edərək həmin ünvanda qeydiyyata düşə bilməlidir".
Hüquqşünas qeyd edib ki, Azərbaycanda qeydiyyat məsələsinə bir çox hallarda həddindən artıq həssas yanaşılır. Bu isə həm ev sahiblərinin, həm də kirayəçilərin qarşılaşdığı problemlərin əsas səbəblərindən biridir.
"Azərbaycanda qeydiyyat məsələsi müəyyən qədər həddindən artıq həssas və vacib məsələ kimi qəbul edilir. Bir çox insanlar düşünür ki, hansısa şəxsi evlərində qeydiyyata saldıqları halda, sonradan həmin şəxs evdə pay tələb edə və ya mülkiyyət hüququ iddiası qaldıra bilər".
Şamil Paşayev vurğulayıb ki, bu düşüncə hüquqi baxımdan əsaslı deyil və qeydiyyat şəxsin həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi anlamına gəlmir.
"Halbuki bu yanaşma doğru deyil. Yaşayış yeri üzrə qeydiyyat və mülkiyyət hüququ tamamilə fərqli anlayışlardır. Şəxsin hər hansı ünvanda qeydiyyatda olması ona həmin mənzil və ya ev üzərində mülkiyyət hüququ vermir".
Ekspertin sözlərinə görə, məhz bu yanlış təsəvvür səbəbindən bir çox ev sahibləri kirayəçiləri yaşadıqları ünvanda qeydiyyata almaqdan imtina edirlər.
"Məhz bu səbəbdən ev sahibləri çox vaxt mənzillərini kirayəyə versələr belə, kirayəçiləri həmin ünvanda qeydiyyata salmaq istəmirlər. Bu isə tamamilə əsassız yanaşmadır və nəticədə vətəndaşlar müxtəlif çətinliklərlə üzləşirlər".
Hüquqşünas hesab edir ki, problemin həlli üçün ilk növbədə qeydiyyat prosedurları sadələşdirilməli və vətəndaşların faktiki yaşayış ünvanında qeydiyyata düşməsi daha əlçatan olmalıdır.
"Burada əsas məqsəd prosedurların sadələşdirilməsi olmalıdır. İnsan harada faktiki yaşayırsa, həmin ünvanda qeydiyyata düşə bilməlidir. Bunun üçün həm cəmiyyətdə mövcud olan yanlış təsəvvürlər dəyişməli, həm də dövlət qurumları ilə münasibətlər və qanunvericilik bu prosesi daha əlçatan və rahat etməlidir".
Beləliklə, qeydiyyat məsələsi yalnız hüquqi prosedur deyil, eyni zamanda vətəndaşların sosial təminat, tibbi xidmətlər, təhsil və digər dövlət xidmətlərinə çıxışı baxımından da mühüm əhəmiyyət daşıyır. Buna görə də sistemin daha çevik və praktik mexanizmlərlə təkmilləşdirilməsi uzun müddətdir müzakirə olunan məsələlərdən biri olaraq qalır.
Leyla Turan Demokrat.az


