Xarici siyasət

Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirilib — YENİLƏNİB

Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirilib — YENİLƏNİB

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.

"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - XİN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

*** 17:08

Azov dənizində dron hücumu nəticəsində həlak olan dörd azərbaycanlı dənizçi, o cümlədən Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.

Demokrat.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.

Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib. O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ailəsinə təhvil veriləcək.

“Fuad Orucovun sabah Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulur”, – deyə Anar Oruclu qeyd edib.

Mərhum Qismət Əliyevin də cənazəsinin ekspertiza prosedurlarından sonra yaxınlarına təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Demokrat.az

NE
Nihadə Eyyubova