Maraqlı Özəl

Döşəmədəki ləkələri yox edən sadə üsul — Vedrəyə 3 qaşıq əlavə edin

Döşəmədəki ləkələri yox edən sadə üsul — Vedrəyə 3 qaşıq əlavə edin

Gündəlik təmizlikdə ən çox çirklənən yerlərdən biri döşəmələrdir. Evdə uşaq və ev heyvanları olduqda isə kimyəvi təmizləyicilərdən istifadə etmək risk yaradır. Son dövrlərdə kəskin qoxulu kimyəvi maddələrdən qaçanlar təbii üsullara üstünlük verirlər. Bu üsullar arasında xüsusilə döşəmənin duzlu su ilə silinməsi yenidən populyarlaşıb.

Demokrat.az bildirir ki, döşəməni silərkən suya az miqdarda xörək duzu əlavə etmək təmizliyə böyük dəstək olur. Bu üsul parket, kafel və keramika kimi səthlərin tutqun görünüşünü aradan qaldırır. Eyni zamanda təmizlikdən sonra döşəmədə qalan ləkələrin və izlərin qarşısını alır. Kimyəvi maddələrdən fərqli olaraq duzlu su kəskin qoxu buraxmır, evdə təbii təravət hissi yaradır. Bu səbəbdən qoxuya qarşı həssaslığı və astma problemi olanlar üçün rahat alternativ hesab olunur.

Təbii üsulun tətbiqi olduqca sadədir: Yarım vedrə ilıq suya təxminən 3 çay qaşığı xörək duzu əlavə edilir. Duz tamamilə həll olunana qədər qarışdırılır. Döşəməsilən parça və ya mop suya batırılaraq yaxşıca sıxılır. Otağın ən uzaq küncündən qapıya doğru silinmə prosesi aparılır. İlıq su çirkləri daha rahat təmizləyir və duzun tez həll olunmasına kömək edir.

Ekspertlərin fikrincə, duzun miqdarına diqqət yetirmək vacibdir. Çox duz işlətmək döşəmədə ağ ləkələrə səbəb ola bilər və zamanla kafel aralarındakı tikişləri aşındırar.

Mərmər kimi təbii daş səthlərdə və cilalanmamış taxta döşəmələrdə diqqətli olmaq lazımdır. Duz kristalları səthə nüfuz edərək zamanla zədələnmə yarada bilər. Bu səbəbdən üsulu əvvəlcə kiçik sahədə yoxlamaq tövsiyə olunur. Doğru səthdə və lazımi miqdarda istifadə edildikdə duzlu su baha qiymətli yuyucu vasitələrə ehtiyac qalmadan parlaq görünüş təmin edir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova