Ağcaqanad dərmanlarının və spreylərin sağlamlığa zərərindən qorxanlar bitki mənşəli üsullara üstünlük verirlər. Araşdırmalar göstərir ki, bəzi bitkilər və qoxular ağcaqanadların iybilmə hissini iflic edir. Bu qoxular həşəratları evlərdən uzaqlaşdırır. Pəncərə kənarına qoyulan bu vasitələr evdə görünməz qalxan yaradır.
Demokrat.az xəbər verir ki, yayda pəncərələr açılanda evə ağcaqanadlar dolur. Gecə gələn vızıltı və qaşıntılı dişləmələr çoxu üçün kabusa çevrilir. Marketdə satılan kimyəvi spreylər isə uşaqlar və allergiyası olanlar üçün təhlükəlidir. Bu səbəbdən ağcaqanadların zəifliyindən istifadə edən təbii üsullar köməyə çatır.
Ağcaqanadlar insanları bədən istiliyinə və karbon qazına görə tapırlar. Lakin onların güclü iybilmə qabiliyyəti də var. Təbiətdəki bəzi kəskin qoxular həşəratların yön tapma sistemini pozur. Pəncərə və eyvan kənarlarına qoyulan qoruyucular evə ağcaqanad girməsinin qarşısını alır.
Pəncərə önünə qoyulan dibçəkdə təzə reyhan və ya nanə otağa xoş ətir yayır. Bu qoxu ağcaqanadları ərazidən qovur. Rozmarin və lavanda da kəskin yağları sayəsində pəncərələri etibarlı qoruyur. Dibçək saxlamaq istəməyənlər isə ikiyə bölünmüş təzə limonun üzərinə bol quru mixək batıra bilərlər. Limon və mixəyin kəskin qoxusu milçəkləri evdən uzaq tutur.
Təbii üsullar kimyəvi dərmanlar kimi tez bitmir və büdcəyə ziyan vurmur. Pəncərə önünə qoyulan aromatik bitkilər sayəsində yayda rahat yuxu təmin edilir. Evi təbii ətirləndirən bu üsullar həm də sağlam yaşayış üçün ən praktiki addımdır.
Yəni, ağcaqanadları evdən uzaq tutmaq üçün kimyəvi dərmanlar əvəzinə pəncərə qarşısına reyhan, nanə qoymaq və ya mixək batırılmış limon yerləşdirmək kifayətdir.
İsmayıl Demokrat.az


