Sosial Özəl

Mətbəxinizdəki su qızdırıcısında gizlənən böyük təhlükə

Mətbəxinizdəki su qızdırıcısında gizlənən böyük təhlükə

İsti içkilərin hazırlanmasında tez-tez istifadə olunan plastik su qızdırıcıları ilə bağlı diqqətçəkən bir araşdırma dərc edilib. Avstraliyada aparılan laboratoriya testləri bu cihazların suyu qızdırarkən onun tərkibinə milyardlarla mikroskopik yad hissəcik buraxdığını ortaya çıxarıb.

Demokrat.az xəbər verir ki, plastik su qızdırıcıların istifadə tezliyi ilə sudakı mikroskopik hissəciklərin miqdarı arasındakı əlaqə elmi dairələrdə ciddi müzakirələrə səbəb olub. Kvinslend Universitetində fəaliyyət göstərən tədqiqatçılar isti su hazırlanması prosesində plastik cihazların rolunu araşdırıblar.

Laboratoriya testləri göstərib ki, mətbəxlərdə geniş istifadə olunan bu cihazlar hər qaynatma zamanı suya yüksək miqdarda yad hissəciklər buraxır. Təcrübələr zamanı yeni bir cihazın ilk işə salınma anında hər millilitrdə orta hesabla 12 milyon nanoplastik hissəcik aşkar edilib. Bu göstəriciyə əsasən, bir stəkan çaylıq isti suda təxminən 3 milyard gözlə görünməyən plastik hissəcik ola bilər. Layihənin rəhbəri doktor Elvis Okoffo bu problemin qlobal miqyasda milyonlarla insanı gündəlik olaraq təsir altına aldığını bildirib.

Alimlər eyni cihazı 150 dəfə sınaqdan keçirərək zamanla baş verən dəyişiklikləri də izləyiblər. İlk istifadə ən yüksək çirklənmə səviyyəsini göstərsə də, proses davam etdikcə riskin tam yox olmadığı müəyyən edilib. Son mərhələdə belə hər millilitrdə 820 min, yəni bir stəkanda təxminən 205 milyon hissəcik qalmağa davam edib.

Musluk suyunun sərtlik dərəcəsi isə gözlənilməz amil kimi ön plana çıxıb. Kalsium və maqnezium kimi minerallarla zəngin sərt suların cihaz daxilində plastik hissəciklərin yayılmasını qismən azaltdığı müəyyən edilib. Bu minerallar qızdırıcının daxili səthində qoruyucu təbəqə yaradır və bir növ təbii baryer formalaşdırır.

Doktor Okoffo yeni alınan cihazların sadəcə su ilə yaxalanmasının kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, ilk istifadə öncəsi cihazın bir neçə dəfə su ilə qaynadılıb həmin suların tökülməsi daha təhlükəsiz yanaşmadır. İstehsalçıların bu barədə istehlakçılara xəbərdarlıq əlavə etməsi təklif olunur. Cihaz köhnəldikcə suya qarışan hissəcik miqdarı azalsa da, plastik materiallar hər istifadədə az miqdarda da olsa insan orqanizminə daxil olmağa davam edir.

Bu mikroskopik hissəciklərin uzunmüddətli təsirləri hələ tam müəyyən edilməyib. Lakin bioloqlar onların hüceyrə strukturlarına təsir göstərərək bəzi orqan funksiyalarını poza biləcəyindən, eləcə də potensial sağlamlıq risklərini artıracağından ehtiyat edirlər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova