Kriminal Özəl

Bakıda döyülən qadın sevgilisini məhkəmədə bağışladı

Bakıda döyülən qadın sevgilisini məhkəmədə bağışladı

Bakının Nəsimi rayonunda 36 yaşlı kişi sevgi münasibətində olduğu qadına qarşı cinayət törədib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 17-də baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Tural həmin gün saat 11 radələrində sevgi münasibətində olduğu Lətifə ilə mübahisə edib.

Qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən Lətifəni əli ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını söyləyib və iş üzrə icraata xitam verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs isə ifadəsində təqsirləndirilən şəxsin dediklərini təsdiq edib. O, hazırda onunla barışdığını, ona qarşı şikayətin olmadığını bildirib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova