Yasamal rayonunun ən çox sıxlıq yaşanan küçələrində hər gün vaxt itirən sürücülər üçün hərəkət marşrutu artıq daha rahat olacaq.
Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın bir neçə kəsişməsində hərəkətin intensivliyini yenidən təhlil edib. Bəsti Bağırova, Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində avtomobillərin axınını sürətləndirmək üçün konkret addımlar atılıb.
Həyata keçirilən yeniliklərə əsasən, Bəsti Bağırova və Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü, yəni yaşıl və qırmızı işığın yanma müddəti 18 saniyə azaldılıb. Eyni zamanda, Cəfər Cabbarlı ilə Məhəmməd Naxçıvani küçələrinin birləşdiyi nöqtədə isə svetoforun iş rejimi 12 saniyə artırılıb.
Bu texniki tənzimləmə artıq öz bəhrəsini verməyə başlayıb. Aparılan müşahidələr göstərir ki, Bəsti Bağırova küçəsində günün müxtəlif vaxtlarında müşahidə edilən və uzunluğu 220 metrdən çox olan nəqliyyat sıxlığı tamamilə aradan qaldırılıb.
Yəni, paytaxtın Yasamal rayonundakı bəzi kəsişmələrdə svetoforların işləmə müddəti dəyişdirildiyi üçün həmin ərazidəki 200 metrlik tıxac yox olub və sürücülər artıq orada gözləmədən keçə bilərlər.
İsmayıl Demokrat.az


