Maraqlı Özəl

Çayı daha dadlı və təravətli edən vasitələr: Qoxusu hər tərəfə yayılacaq

Çayı daha dadlı və təravətli edən vasitələr: Qoxusu hər tərəfə yayılacaq

Çayın ləzzətini artırmaq üçün əslində çox pul xərcləməyə ehtiyac yoxdur. Kiçik detallarla, mətbəxdə olan bir-iki ədviyyatla adi dəmi şah əsərinə çevirə bilərsiniz.

Şəkər istifadə etmək istəmirsinizsə, darçın sizin üçün ən yaxşı çıxış yoludur. Amma bir məqamı unutmayın ki, toz darçın çayı bulandırır, ona görə də mütləq çubuq darçın götürün. Yarım çubuq darçını dəmliyə atın, o həm qan şəkərini nizamlayacaq, həm də çaya o isti qoxunu verəcək.

Həzm sisteminizdə problem varsa və ya ağır yeməkdən sonra çay içirsinizsə, ora mütləq bir-iki dənə hil əlavə edin. Hilin o təravətləndirici ətri çaya ekzotik bir hava qatır. Sadəcə dənələri bir az çatladın ki, dadı tam çıxsın.

Mixək isə bizim klassikimizdir. O, çayın o yorucu sərtliyini qırır, adamı sakitləşdirir. Amma burada ölçünü qaçırmaq olmaz. Bir dəmliyə bir, maksimum iki dənə bəs edir. Çox atsanız, çayın dadı tamamilə itə bilər.

Bir də berqamot məsələsi var. O məşhur "Earl Grey" dadını süni ətirlərlə deyil, təbii berqamot qabığı ilə əldə etmək mümkündür. Bir çay qaşığı qurudulmuş berqamot qabığı çayınıza o nəcib, yüngül turşməzə dadı verəcək.

Əsas odur ki, bu ədviyyatlar çayın öz dadını batırmasın, sadəcə ona gözəl bir fon yaratsın. Qışda darçın-mixək, yayda isə hil-berqamot qarışımı ilə öz imza çayınızı hazırlaya bilərsiniz.

Demokrat.az

D
demokrat.az