Xırdalan–Masazır–Novxanı avtomobil yolundan Zəngilan şəhərciyinə gedən yolda torpaq qatı çöküb. Hadisə nəticəsində asfalt örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb və hərəkət hissəsində təhlükəli vəziyyət yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, əraziyə dərhal əməkdaşlar cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb. İlkin araşdırmalar göstərir ki, yolun çökməsinə kanalizasiya kollektorunda baş verən qəza səbəb olub. Sızan su yol yatağını yuyaraq boşluqlar yaradıb.
Agentlik problemin aradan qaldırılması üçün aidiyyəti qurumların məlumatlandırıldığını bildirib. Hazırda ərazidə vəziyyəti stabilləşdirmək və qəzanın nəticələrini təmizləmək üçün işlər davam etdirilir. Sakinlərin sözlərinə görə, yeni istifadəyə verilən yol qısa müddət ərzində yararsız hala düşüb. Yerli qurumlar qəzanın tam miqyasını müəyyənləşdirir.

Demokrat.az


