Masallı rayonunda 53 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı bacanağına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1973-cü il təvəllüdlü Sirac gecə saatlarında yaşadıqları kəndin avtomobil yolunun kənarında qohumu Rüfətin (adlar şərtidir – red.) onun ailəsində söz-söhbət yaratması səbəbindən həmin yerdə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Rüfəti bıçağın tiyəsi və sapı ilə vurub, sonra isə onu döyüb. Bu hərəkətləri ilə Sirac bacanağına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Siracın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sirac ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, taksi sürücüsü kimi çalışır:
“Təxminən 2 il bundan qabaq gecə radələrində Yardımlı rayonundan evinə geri qayıdan zaman həyətimdəki ayaqyolunun işığının yandığını gördüm. Buna fikir vermədim və maşınıma texniki qulluq etdim. Daha sonra evə daxil oldum. Həyat yoldaşımın evdə olmadığını gördüm. Həyətə düşdükdə arvadımı gördüm. Ondan harada olduğunu soruşdum. Arvadım ayaqyolundan gəldiyini bildirdi. Gecə vaxtı arvadımın tək həyətə getməkdən qorxduğunu və hansı səbəbdən ayaqyoluna tək getdiyini düşündüm. Lakin buna çox da əhəmiyyət verməyərək arvadıma heçnə demədim. Evə qalxdıq”.
Siracın ifadəsinə görə, yarım saat sonra həyətdən çıxmaq istəyən zaman bacanağı Rüfətin gizlənə-gizlənə küçələrindən çıxdığını görüb:
“Rüfətdən onun küçəmizdə nə işi olduğunu və haradan gəldiyini soruşdum. O, “İsti su”dan piyada gəldiyini bildirdi. Mən isə “İsti su” tərəfindən indi gəldiyimi, yolda ona rast gəlmədiyimi dedim. Rüfət sonra vəziyyəti fərqli cür izah edərək yolda ona maşın rast gəldiyini, maşına minərək yaxınlıqda düşdüyünü bildirdi. Həmin gün Rüfəti maşına mindirərək evlərinə apardım. O, maşında da həmin vaxtda özünü şübhəli apardı. Bir müddət keçdikdən sonra Rüfəti gördüm. Ondan yenidən keçən dəfə onu maşınla evinə apardığımı, indi haradan gəldiyini soruşdum. Rüfət cavab olaraq “sən məni gətirməmisən, mənə şər atırsan” deyərək etiraz etdi. Həmin gündən arvadımın Rüfətlə gizli münasibətdə olması ilə bağlı şübhələnməyə başladım. Bu şübhələr mənə əzab verib”.
Siracın sözlərinə görə, məlum hadisə günü Türkoba kəndinə müştəri aparıb: “Oradan qayıdan zaman digər kəndin avtomobil yolunun kənarında Rüfətin velosipedlə hərəkətdə olduğunu gördüm. Ailəmdə olan söz-söhbətə görə arvadımın qardaşı gələrək onu aparıb. Mən maşından düşdüm və Rüfətdən nəyə görə ailəmi dağıtdığını soruşdum. Onu qorxutmaq məqsədilə maşından bıçaq da götürdüm. Mübahisə zamanı 1 dəfə bıçaqla onu vurdum. Daha sonra maşınına minərək həmin ərazidən uzaqlaşdım. Əvvəllər bir dəfə aramızda mübahisə olub. Həmin mübahisə zamanı Rüfətə 2 şillə vurdum. Bundan başqa ekspert rəyində göstərilən xəsarətlərlə razı deyiləm. Mən Rüfətə bir dəfə bıçaqla zərbə vurmuşam”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmayıb. O, törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını nəzərə alınmasını, barəsində amnistiya aktının tətbiq olunaraq cinayət təqibinə xitam verilməsini xahiş edib.
Zərərçəkmiş Rüfət ifadəsində göstərib ki, məlum hadisə günü gecə saatlarında Masallı rayonunun kəndi ərazisində velosipedlə hərəkətdə olan zaman bacanağı Sirac maşınını üzərinə sürüb: “Həmin vəziyyət tam yadında qalmayıb. Hansısa formada velosipeddən yerə yıxıldım. Sirac maşından düşərək söyə-söyə üstümə gəldi. Bıçaqla bədənimin müxtəlif nahiyəsinə vurdu. Mən birtəhər ondan canımı qurtardım. Sirac hadisə yerindən uzaqlaşdıqdan sonra ətrafdakı evdən Natiq adında bir nəfər səsə gəldi. O, əlimdən qan gəldiyini gördü və həmin qanın dayanması üçün köməklik etdi. Daha sonra təcili tibbi yardıma zəng etdilər. Təcili tibbi yardım gəldikdən sonra xəstəxanaya aparıldım və mənə tibbi yardım göstərildi. Hazırda qolumu normal hərəkət etdirə bilmirəm”.
İş üzrə zərərçəkmiş Rüfətin qardaşı Elmanın sözlərinə görə, təqsirləndirilən Sirac onun qardaşına şər atıb və guya onun ailəsində söz-söhbət yaratdığını bildirib:
“Halbuki qardaşım namaz əhlidir və heç vaxt heç kimin ailəsində söz-söhbət yaratmaz. Sirac qardaşımı həmişə buna görə narahat edib. Sonuncu dəfə məlum hadisə günü, təxminən gecə saat 02:30-da qardaşım zəng edərək Sirac ilə mübahisə etməsini, Siracın onu bıçaq ilə vuraraq xəsarət yetirdiyini və xəstəxanaya getdiyini bildirdi. Mən Masallı Rayon Mərkəzi Xəstəxanasına gəldim və həqiqətən də qardaşımın bıçaqlanmasını gördüm. Qardaşımdan nə məsələ olduğunu soruşdum. O, heç bir səbəb olmadan Siracın avtomobilindən bıçaq götürərək onu bıçaqlamasını və oradan qaçaraq uzaqlaşmasını bildirdi”.
Masallı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


