Türkiyədə tanınmış simalara qarşı növbəti əməliyyat keçirilib. İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində gecə saatlarında genişmiqyaslı addımlar atılıb, 16 nəfər barədə saxlanılma qərarı verilib. Onlardan 14-ü artıq nəzarətə götürülüb, iki nəfərin axtarışı davam edir.
Demokrat.az xəbər verir ki, stintaq materiallarında ittihamlar kifayət qədər ağırdır. Söhbət narkotik maddələrin hazırlanması və dövriyyəsi, istifadənin təşkili, bunun üçün şərait yaradılması, həmçinin digər əlaqəli qanun pozuntularından gedir. Eyni vaxtda 16 ünvana edilən basqınlar nəticəsində şübhəlilərin böyük hissəsi saxlanılıb.
Siyahıda cəmiyyətə yaxşı tanış adlar var. Onların arasında Fikret Orman, Burak Elmas, Hande Erçel, Didem Soydan, Güzide Duran, eləcə də Hakan Sabancı və Kerim Sabancı kimi şəxslərin adı keçir. Bu fakt əməliyyatın rezonansını daha da artırıb.

Məlumatlara görə, bu proses yeni deyil. Araşdırmalar ötən ilin oktyabrından davam edir. Bu müddətdə müxtəlif sahələrdən olan onlarla şəxs ifadə verib, analizlər götürülüb, artıq 26 nəfər barəsində həbs qərarı çıxarılıb.
Prosedur isə standart qaydada aparılır. Saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra analiz üçün Adli Tıp Kurumu-na aparılır. Növbəti mərhələdə prokurorluqda ifadə verilir və yekun qərar bu mərhələdən sonra açıqlanır.
İsmayıl Demokrat.az


