Bankomatlarda artan dələduzluq halları vətəndaşlar arasında narahatlıq yaradır. Xüsusilə gecə və sübh saatlarında həyata keçirilən əməliyyatlar zamanı ehtiyatlı olmaq lazımdır. Bu vaxtlarda sadə pulçıxarma prosesi kart məlumatlarının kopyalanması və hesabın tamamilə boşaldılması ilə nəticələnə bilər.
Demokrat.az-ın məlumatına görə dələduzlar kart məlumatlarını ələ keçirmək üçün bankomatlara qısa müddətdə xüsusi cihazlar yerləşdirirlər. İlk baxışda seçilməyən bu qurğular vasitəsilə istifadəçilər fərqində olmadan məlumatlarını cinayətkarlara ötürür. Həmçinin ekranlara yapışdırılan saxta təlimatlar və yönləndirmə qeydləri də şifrələrin oğurlanmasına şərait yaradır.
Ən riskli vaxt intervalı 22:00-dan 06:00-a qədər hesab olunur. Ətrafda insanların az olması və işıqlandırmanın zəifliyi cinayətkarların fəaliyyətini asanlaşdırır. Kamera nəzarətinin zəif olduğu nöqtələr dələduzların əsas hədəfidir.
Banklar şübhəli əməliyyatları daim izləsə də, fərdi diqqət ən vacib qorunma üsuludur. Təhlükəsizlik üçün əməliyyatları daha çox gündüz saatlarında, insanların sıx olduğu və işıqlı yerlərdə yerləşən bankomatlarda icra etmək məsləhət görülür.
İsmayıl Demokrat.az


