Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Mətləb ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı İradəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin avqustun 5-də Binə qəsəbəsində baş verib. Mətləb həmin gün saat 18 radələrində yaşadıqları evin həyətində keçmiş arvadı İradə ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı İradəyə şillə ilə sifət nahiyəsinə, təpiklə isə bədən nahiyyəsinə qəsdən vurub.
Mətləbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, keçmiş arvadı İradə ilə əvvəllər olan birgə nikahdan iki övladı var:
“Günəmuzd fəhlə işlədiyim üçün maddi problemlərə görə İradə ilə aramızda bəzən mübahisələr olur. Avqustun 5-də, saat 18 radələrində yaşadığım evin həyətində olan zaman İradə ilə aramızda ailə-məişət zəminində mübahisə yarandı. Mübahisə zamanı İradənin şillə ilə sifət nahiyəsinə vurdum. Etdiyim əməldən peşmanam”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Mətləb 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Bundan başqa, o, bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Bu müddət ərzində təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Fariz Məlikli Demokrat.az


