Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət müddətinin başlanğıcı ilə bağlı qaydalara dəyişiklik edilməsi təklif olunur. Bununla əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə düzəliş layihəsi hazırlanıb və məsələ parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılıb. Təklifə əsasən, çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıcı onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildiyi gündən hesablanacaq. Qüvvədə olan qaydaya görə isə xidmət müddəti hərbi hissəyə göndərilmək üçün hərbi komissarlığa gəldikləri gündən başlanmış sayılırdı.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a bildiriib ki, bu dəyişiklik texniki xarakter daşıyır:
"Əvvəl də bu məsələ mövcud idi, lakin burada bəzi dəqiqləşdirmələr aparılır. Dəyişikliyə əsasən, çağırışçılar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi hissəyə göndərildikləri gündən etibarən həqiqi hərbi xidmətə başlamış sayılacaqlar. Əvvəllər isə xidmət müddəti onların hərbi hissəyə göndərilmək üçün hərbi komissarlığa gəldikləri gündən hesablanırdı. Bu dəyişiklik xidmətin başlanğıc gününün daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir. Qanun layihəsində hər hansı qanun pozuntusundan söhbət getmir, yalnız hesablanma qaydası dəqiqləşdirilir. Müddətin hansı tarixdən başlanması məsələsi aydınlaşdırılır".
O bildirib ki, eynu zamanda xidmət müddətini başa vurmuş hərbi qulluqçuların tərxis edilməsi praktikada komandirlərin qərarına uyğun şəkildə həyata keçirilir:
"Yeni hərbi qulluqçuların qəbul edilməsi və yerləşdirilməsi prosesi də nəzərə alınır. Bəzi hallarda intizam qaydalarına əməl etməyən hərbi qulluqçulara qarşı intizam tədbirləri tətbiq edilə bilər. Ümumilikdə, bu dəyişiklik xidmət müddətinin hesablanması ilə bağlı dəqiqləşdirmə xarakteri daşıyır və qanunvericiliyə uyğun olaraq parlamentdə müzakirə olunur. Eyni zamanda alternativ xidmətlə bağlı məsələlər də qanunvericilik gündəmində saxlanılır".
Əfsanə Kamal Demokrat.az


