Hərbi Özəl

Onların xidmət müddəti 3 ildən 6 aya endirilir — AÇIQLAMA

Onların xidmət müddəti 3 ildən 6 aya endirilir — AÇIQLAMA

Milli Məclis qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət müddətinin 3 ildən 6 ayadək azaldılmasını ilk oxunuşda qəbul edib. Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət müddətinin 6 ayadək azaldılması düzgün qərardır:

"Qadınlarla 3 il müddətinə müqavilə bağlanır, onların şəxsi inkişafı və keyfiyyətləri ilə bağlı seçim aparılıdı.Təcrübədə belə hallar olub ki, üç ay və ya altı ay keçdikdən sonra hərbi qulluqçu işdən çıxmaq istəyib, lakin mövcud müqaviləyə görə onu dərhal azad etmək mümkün olmayıb. Belə hallarda ya xidmətə uyğunsuzluq əsas götürülməli, ya da başqa hüquqi əsas tapılmalıdır. Buna görə də altı ay ərzində komandir heyəti həmin şəxsi yaxından tanımalı, onun nəyə qadir olduğunu və hansı keyfiyyətlərə malik olduğunu müəyyən etməlidir".

O bildirib ki, qadın mütəxəssislərdən qərargah strukturlarında, quru qoşunlarında və digər qoşun növlərində istifadə olunması daha məqsədəuyğundur:

"Onların peşəkar səviyyəsi, öyrənmə və qavrama qabiliyyəti mütləq qiymətləndirilməlidir. Hesab edirəm ki, altı aydan sonra attestasiya komissiyası keçirilməli və uyğun olanlar xidmətə saxlanılmalıdır. Layiqli şəxslərin müqavilə müddəti qanunda müəyyən edilmiş qaydada üç il və ya daha artıq uzadıla bilər. Əgər üç il müddətinə qəbul edilən şəxsin lazımi keyfiyyət və qabiliyyətə malik olmadığı üzə çıxarsa, onu həmin müddət ərzində saxlamaq çətinlik yaradır. Belə hallarda şəxs ya xidmətə uyğunsuzluq əsası ilə vəzifədən azad edilməli, ya da ehtiyata buraxılmalıdır".

Ekspert deyib ki, şəxs tibbi komissiyalardan sağlamlıqla bağlı arayış alıb və heç bir problemi olmadığı bildirilib, lakin sonradan onun hamilə olduğu məlum olub:

"Bu zaman hərbi hissə həmin şəxsi analıq məzuniyyətinə buraxmağa məcbur qalıb və faktiki olaraq xidmət baş tutmayıb. Bunlar praktikada rast gəlinən hallara misaldır. Qadın hərbi qulluqçular yalnız qərargahda deyil, pilotsuz uçuş aparatlarının idarə olunmasında, rabitə qoşunlarında və hava hücumundan müdafiə bölmələrində də xidmət edirlər. Onlar döyüş növbəsinə cəlb olunur və məsul vəzifələri icra edirlər. Buna görə də altı aylıq müddət ərzində onların şəxsi keyfiyyətləri, fiziki dözümü və peşəkar qabiliyyəti yoxlanılmalıdır".

Onun sözlərinə görə, qadınlardan fərqli olaraq, kişilər üçün xidmət sahələri üzrə seçim imkanları daha genişdir:

"Uyğun hesab olunmayan şəxs başqa sahəyə yönləndirilə bilər. Lakin qadınlar konkret vəzifələr üzrə qəbul olunduqları üçün həmin vəzifəni yerinə yetirmək qabiliyyəti yüksək səviyyədə olmalıdır. Çünki onlar da müddətdən artıq hərbi qulluqçu kimi kişilərlə eyni vəzifələri icra edir və həyəcan siqnalı zamanı xidmətə cəlb olunurlar. Bir sözlə, dözüm və peşəkar uyğunluq mütləq şəkildə yoxlanılmalıdır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova