Vaşinqtonda keçirilən beynəlxalq tədbir zamanı bəzi qruplar ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq gərginlik yaratmağa çalışıb. Azərbaycanın dövlət maraqlarını hədəf alan bu qüvvələr otel ətrafındakı təhlükəsizlik perimetrinə daxil olmaq istəyiblər. Onların radikal addımlarının qarşısı ABŞ polisi və Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən dərhal alınıb.
Demokrat.az xəbər verir ki, bu aksiyalar planlı və koordinasiyalı xarakter daşıyır. Hadisəyə ilk dəstək verən qurumun Amerikanın Erməni Milli Komitəsi (ANCA) olması prosesin hansı mərkəzdən idarə edildiyini üzə çıxarıb. Ermənipərəst mövqeyi ilə seçilən konqresmen Frenk Pallone də dərhal çıxış edərək həmin qüvvələri müdafiə edib. Pallonenin illərdir ölkəmizə qarşı apardığı sistemli fəaliyyət və 907-ci düzəlişdəki rolu bu addımların təsadüfi olmadığını bir daha təsdiqləyir.
Şovinist erməni dairələri ilə eyni cəbhədə yer alan bu qrupların əsas məqsədi milli birliyimizi sarsıtmaqdır. Lakin bu cür radikal çağırışlar və iyrənc təxribatlar xalqın iradəsini sındıra bilmir. Əksinə, ölkə rəhbərliyinə qarşı yönələn hər bir hücum cəmiyyətdə həmrəyliyi daha da artırır. Baş verənlər göstərdi ki, ucuz ssenarilər üzərindən qurulan planlar hər hansı nəticə vermir və dövlətçiliyimizin sarsılmazlığına mane ola bilmir.
Kənan Demokrat.az


