Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tərəfindən hansı hallarda xitam verilə biləcəyi ilə bağlı müddəalar öz əksini tapıb.
Demokrat.az xəbər verir ki, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər:
İşəgötürən müəssisə tamamilə ləğv edildikdə, ştatlar ixtisara düşdükdə və ya işçinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun gəlmədiyi attestasiya komissiyası tərəfindən rəsmən təsdiqləndikdə müqaviləni ləğv edə bilər. Həmçinin, sınaq müddəti ərzində işçinin özünü doğrultmaması və ya dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışmanın yaş həddinə çatılması da əsas səbəblər sırasındadır.
Xüsusilə vurğulanmalıdır ki, əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürənə dərhal xitam hüququ verir. Buraya üzürlü səbəb olmadan bütün günü işə gəlməmək, iş yerində sərxoş vəziyyətdə olmaq, müəssisəyə maddi ziyan vurmaq və ya iş yoldaşlarının sağlamlığına təhlükə yaratmaq kimi hallar daxildir. Bundan əlavə, dövlət və kommersiya sirrinin yayılması, 6 ay ərzində təkrarən intizam pozuntusuna yol verilməsi və ya konfidensial fərdi məlumatların sızdırılması işçinin karyerasına son qoya biləcək ciddi qanun pozuntuları hesab olunur.
Məlumat üçün bildirək ki, yuxarıda “səlahiyyətli orqan” dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülür. (Trend)
Demokrat.az


