Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 7-də baş verib. Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Əmrah həmin gün saat 14 radələrində yaşadıqları evin yataq otağında həyat yoldaşı Gülgəzlə (adlar şərtidir – red.) mübahisə edib.
Gülgəzin kobud cavab verməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun qol, təpiklə isə ayaq nahiyələrindən bir neçə dəfə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


