Bakının Nəsimi rayonunda gənclər arasında qız üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 7-də baş verib. Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Rəvan həmin gün saat 23 radələrində tanışı Fərahimin Şirvanla (adlar şərtidir – red.) sözlü mübahisələrinə müdaxilə edib.
O, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən bir dəfə Şirvanın sifət nahiyəsindən kəllə zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iş üzrə adı keçən dostu Fərahim onun dostudur: “Fərahimin “28 Mall” ticarət mərkəzində işləyən Fərizə adlı qızla münasibəti olduğundan məndən xahiş etdi ki, onunla birlikdə gedim, qızla görüşəndən sonra qayıdaq. Biz bir neçə dəfə getdikdə Fərizəni çox zaman iş yoldaşı Şirvan adlı oğlanın evlərinə yola saldığını gördük. Səhv etmirəmsə Şirvandan bunu Fərizənin anası xahiş edib. Biz də hər dəfə Fərahimlə ticarət mərkəzinə gedərək Fərizəni gözləyən zaman Şirvanın gördük, onunla münasibətlərimiz yarandı. Şirvan və Fərizə ticarət mərkəzinin içindəki marketdə işləyirlər”.
Təqsirləndirilən şəxs bildirib ki, fevralın 7-də, saat 18:30-da dostu Fərahimlə ticarət mərkəzinin qarşısında görüşüb və mərkəzdə yerləşən marketə gəliblər: “Bu zaman Fərahim Fərizəyə yaxınlaşaraq söhbət etmək istədiyini bildirdi. Qız isə işdən sonra söhbət edə biləcəyini bildirdiyi üçün dostumla birlikdə getdik. Təxminən saat 22:50-də ticarət mərkəzinin qarşısına gəldik. Fərizəni gözləyən zaman Şirvanın da kimisə gözlədiyini gördük. Ona yaxınlaşaraq görüşdük. Biz bir qədər söhbət etdikdən sonra məlum oldu ki, Şirvan Fərizəni gözləyir. Bu zaman Fərahim Fərizə ilə söhbət edəcəyini bildirdi. Amma Şirvan Fərizənin anasının qızını ona tapşırdığını bildirdi, onu narahat etməməyimizi tələb edərək kobud danışmağa başladı. Bu səbəbdən Fərahimlə Şirvanın arasında sözlü mübahisə yarandı. Mən də burada insanların çox olduğunu, mübahisə etməmələrini bildirdim. Bu zaman Şirvan mənə qarşı da kobud cavab verdi. Olduğumuz yer səs-küylü və adamların çox olduğu yer olduğuna görə qərara gəldik ki, ticarət mərkəzindən çıxaq, sakit bir yerə gedək. Biz Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 104 ünvanına, ara məhəlləyə getdik. Orada heç kim olmayıb. Fərahim Şirvana dedi ki, Fərizə ilə qısaca söhbəti var, imkan yaratsın söhbətini etsin. Buna Şirvan etiraz etdi. Ondan xahiş etdim ki, şərait yaratsın. Amma Şirvan yenə mənə qarşı nalayiq ifadə işlətdi, kənarda dayanmağımı tələb etdi. Şirvana nalayiq ifadələr işlətməməsini bildirsəm də, o, məhəl qoymadığı üçün əsəbləşdim. Ona yaxınlaşdım və anidən sifət nahiyyəsinə bir dəfə başım ilə zərbə vuraraq kənara çəkildim. Şirvan əlini üzünə tutdu və yerə oturdu. Mən Şirvanın burnundan qan gəldiyini gördüm, ona kömək edərək su və salfetka gətirdim. Onun üzünü yuduq. Sonra birlikdə oradan getdik”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməldən peşman olduğunu deyib. İlk dəfə cinayət əməli törətdiyini, atasının müharibə veteranın olduğunu və 2020-ci ildə öldüyünü göstərib: “Zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhd etmişəm. Lakin barışmaq üçün 5000 manat məbləğində pul istədi. Mənim isə bu pulu verməyə imkanım olmayıb. Ona 3000 manat verə biləcəyimi, qalan 2000 manat məbləği isə hissə-hissə olmaqla ödəyə biləcəyimi bildirmişəm. Amma zərərçəkmiş şəxs isə bununla razılaşmayıb”.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Rəvan 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, həmin müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli Demokrat.az


