Kriminal Özəl

Lənkəranda qohum evliliyi mübahisəsi dava ilə bitdi

Lənkəranda qohum evliliyi mübahisəsi dava ilə bitdi

Lənkəran rayonunda 31 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Röyal həmkəndlisi Namiq (adlar şərtidir – red.) ilə mübahisə edib.

Onların arasında mübahisənin yaranmasına səbəb Röyal əmisi qızı Sevdanın əri vəfat edəndən sonra Namiqin qardaşı Valehə ərə getməsi üstündə baş verib.

İttihama görə, Röyal əmisi qızının mərhum ərinin vəfatından sonra Namiqin qardaşı Valeh ilə evlənib və Bakı şəhərinə getmələri barədə məlumat əldə edib.

Bundan sonra o, həmin gecə saat 00:03-də Valehin böyük qardaşı Namiqə zəng edib və qardaşının hərəkətləri ilə bağlı öz narazılığını bildirib.

Bu zaman onların aralarında baş vermiş mübahisə ilə əlaqədar Röyal Namiqin yaşadığı həyət evinin qapısının qarşısına gəlib. O, Namiqi küçəyə çağıraraq qardaşı Valehin onun əmisi qızı Sevda ilə evlənməsinə böyük qardaşı olaraq mane olmadığını irad bildirib.

Daha sonra isə Namiqlə mübahisə edib və ayağından təpiklə vurub. Sonra Namiqi itələyərək yerə yıxdıqdan sonra onun əlinə və belinə təpiklə vurub.

Hadisəni törədən Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkəndə ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbsdən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova