"Son vaxtlar avtomobil bazarında satışların artması ilə birgə alıcılar “son fürsət” psixologiyası ilə tələsməyə başlayıblar və təbii ki, bazara bu psixoloji amil vacib təsir göstərir. Avtomobil bazarında müəyyən dərəcədə bahalaşma gözlənilir, lakin bu çox böyük həcmdə olmayacaq. Yeni avtomobillərdə qiymətlərin təxminən 10–15%, köhnə avtomobillərdə isə təxminən 10% civarında bahalaşma ehtimalı var".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O bildirib ki, bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycanın minik avtomobil bazarı artıq demək olar ki, tam tələbat üzrə "doyub":
"Yəni bazarda uzun müddətdir tələb və təklif arasında disbalans mövcud idi və ölkəyə gətirilən avtomobillərin sayı tələblə tərs mütənasiblik təşkil edirdi. Nəticədə qiymətlər əvvəlki dövrdə ucuzlaşmağa başlamışdı".
Ekspert qeyd edib ki, bütün hallarda tətbiq ediləcək güzəştlərin ləğvi bazarda real qiymətlərin formalaşmasına təsir göstərəcək:
"Eyni zamanda ikinci əl avtomobillərin satış bazarında dinamikliyin müəyyən dərəcədə artması da gözlənilir".
Əfsanə Kamal Demokrat.az


