“Son aylarda çoxmərtəbəli binaların kvadratmetr qiymətlərində müşahidə olunan ucuzlaşma ilk növbədə bazarda təklifin artması ilə bağlıdır. Son illər tikinti şirkətlərinin intensiv fəaliyyəti nəticəsində yeni yaşayış komplekslərinin sayı yüksəlib”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsir deyib.
O, bildirib ki,bu, satış seqmentində rəqabəti gücləndirir:
“Şirkətlər müştərini cəlb etmək üçün qiyməti endirməyə məcbur olurlar. İkinci mühüm amil kredit şərtlərinin əvvəlki dövrlərlə müqayisədə çətinləşməsi və alıcılıq qabiliyyətinin zəifləməsidir. Əhalinin gəlirlərində real artım sürətli deyil, inflyasiya isə insanların mənzil alma potensialını zəiflədir. Tələb zəiflədikcə satıcı məcbur olaraq daha sərfəli qiymət təklif etməyə çalışır. Digər faktor bəzi investorların daşınmaz əmlakı yığımdan çıxarıb satışa yönəltməsidir. Qiymətlərin əvvəlki kimi sürətli artmaması investisiya cazibəsini qismən azaldır, bu da bazara əlavə mənzil çıxarır. Təklif çoxalanda qiymətlərin enməsi təbii prosesdir. Bəzi yeni tikililərdə keyfiyyət, təhvil müddəti və infrastruktur problemləri də qiymət endirimlərinə səbəb olur. Alıcı əvvəlki kimi hər layihəyə eyni maraq göstərmir, daha çox seçici davranır və qiymət müqayisəsi aparır. Hazırkı enmə bazarın korreksiya mərhələsi kimi qiymətləndirilə bilər”.
Leyla Turan Demokrat.az


