Hacıqabul rayonunda qayınana və gəlin arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 29-da rayonun İkinci Udulu kəndində baş verib.
1964-cü il təvəllüdlü Səmayə həmin gün saat 13 radələrində evin həyətində Günay (adlar şərtidir – red.) ilə mübahisə edib. Münaqişə zamanı qayınana mətbəxdə istifadə edilən qazanla gəlinin sağ qoluna və şüşə materialından olan qəndqabı ilə başına vurub.
Hadisəni törədən Səmayənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs bildirib ki, avqustun 29-da, saat 13 radələrində yaşadığı evdə olan zaman qabyuyanda axşamdan yeyilmiş çirkli qabların olduğunu görüb: “Gəlinim Günaya axşamdan yemək yeyilmiş qabların çirkli olduğunu və həmin qabları yumamasını irad bildirdim. O, məni təhqir etdiyi üçün əsəbləşdim, yerdə olan şüşə materialından olan qəndqabını ona atdım. Gəlin kənara çəkildiyi üçün şüşə qəndqabı dəmirə dəyərək qırıldı və şüşə qırıqları onun başına dəyərək kəsdi. Oğlum İlqar otaqdan həyətə düşdü və Günayın başının qanadığını gördü. Onu ilkin olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına apardı. Xəstəxanada həkimlər ona tibbi yardım göstərərək başına tikiş qoydular”.
Bu işə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu səbəbdə məhkəmə onun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


