Gündəm Özəl

"Yeni təyinatlar və yerdəyişmələr olduqca əhəmiyyətlidir" — AÇIQLAMA

Yeni təyinatlar və yerdəyişmələr olduqca əhəmiyyətlidir — AÇIQLAMA

"Balakən rayonuna təyin olunmuş yeni icra başçısı Natiq Ağayev bu rayonda ilk dəfə olaraq icra hakimiyyəti sahəsində təcrübəsi olan şəxs kimi fəaliyyət göstərəcək. Bu, Balakəndə idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

"Eyni zamanda Qax rayonuna təyin olunmuş Elvin Paşayev kənd təsərrüfatı sahəsində bilikli və təcrübəli şəxsdir. O, Kənd Təsərrüfatı Nazirliyindən Qaxa gətirilib. Bu da göstərir ki, dövlət Qaxda kənd təsərrüfatının inkişafına xüsusi önəm verir. Qaxda əvvəlki icra başçısı Musa Şəkiliyevin dövründə torpaq məsələləri və kənd təsərrüfatı ilə bağlı ciddi problemlər yaranmış, hətta bəzi hallarda icra nümayəndələri barədə cinayət təhqiqatları aparılmışdı. Prezident də bu məsələyə çıxışında diqqət çəkmişdi. Yeni təyinatlar həm Balakəndə, həm də Qaxda idarəetmənin səmərəliliyini artırmağa yönəlib".

O bildirib ki, digər mühüm təyinatlar arasında Naftalanın icra başçısı Vüqar Novruzovun və Gədəbəyin icra başçısı Orxan Mürsəlovun rotasiya qaydasında digər rayonlara keçirilməsi də qeyd olunmalıdır:

"Bu, idarəetmədə dinamizmin təmin olunması baxımından vacib addımdır.Kürdəmirdən Nəsimi rayonuna gətirilən yeni icra başçısı Elxan İbrahimov isə ölkədə Qərb təhsilli yeganə icra başçısıdır. O, Stokholm Universitetində təhsil alıb. Bu, innovativ düşüncəli gənclərin rayon idarəçiliyinə gətirilməsinin göstəricisidir. Eləcə də Kürdəmirə təyin olunan yeni icra başçısı əvvəllər Sabunçu rayon icra hakimiyyətində birinci müavin vəzifəsinə qədər yüksəlib. Bu da göstərir ki, artıq icra strukturlarında yetişən kadrlar sistem daxilindən rəhbər vəzifələrə təyin olunur".

Politoloq deyib ki, digər əsas məsələ Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəni dəyişdirməsidir:

"Fuad Nəcəfli barədə müəyyən şikayətlər var idi, xüsusilə də Naxçıvanda sosial vəziyyətlə bağlı narazılıqlar tez-tez səslənirdi. Onun yerinə Ceyhun Cəlilovun təyin edilməsi mühüm hadisədir. Ceyhun Cəlilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, “ASAN xidmət”də və “DOST” layihəsində rəhbər vəzifələrdə çalışıb. Bu səbəbdən onun Naxçıvanda sosial problemlərin həlli istiqamətində ciddi addımlar atacağı gözlənilir.

Ümumilikdə, son təyinatlar və aparılan əməliyyatlar göstərir ki, icra hakimiyyəti sistemi artıq köhnəlib və öz funksionallığını qismən itirib. Hesab edirəm ki, bu sistemin referendum yolu ilə ləğv edilməsi və yeni, müasir idarəetmə modelinin formalaşdırılması vacibdir. Vicdanlı kadrlar olsa da, sistemin bütövlükdə tıxanması səmərəliliyi azaldır. Buna görə də artıq ləğvi məsələsi gündəmə gətirilməlidir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova