“Bu xəbər məndə təəssüf hissi yaradır. Onsuzda dövlətin kino sahəsinə ayırdığı vəsait çox az idi. İndi isə gələn il üçün kino sahəsinə vəsaitin ayrılmaması kino sahəsini acınacaqlı duruma gətirib çıxaracaq”.
Bunu Demokrat.az-a açıqlamasında rejissor Fariz Əhmədov deyib. O bildirib ki, onsuzda film istehsalı çox az idi, bu, kinoda olan insanların bu sahədən uzaqlaşmasına, işsiz qalmasına gətirib çıxaracaq:
“Onsuzda kino istehsalı hazırda tender qanunlarına uyğun aparılır. ARKA-nın keçirdiyi müsabiqə bir neçə ay çəkir, daha sonra satınalma müqaviləsi bir neçə ay çəkir, yəni real istehsala 6-8 aydan tez gəlib çıxa bilmirsən. Əslində bir çox ölkələrdə kino istehsalı bu cür satınalma qaydaları ilə olmur. Yəni tikinti şirkətinin girdiyi tenderlə kino istehsalı tamam fərqli qanunvericiliklə olmalıdır.
Digər tərəfdən kino incəsənətin ən mürəkkəb sahəsidir. Musiqiçi, rəssam kiçik vəsaitlə bir əsər yarada bilər, bizim sahədə isə bu mümkün deyil. Yaradıcı komanda lazımdır, müasir texnologiya lazımdır. Bunların hamısı maliyyə vəsaitinə bağlıdır”.
Qeyd edək ki, gələn il üçün dövlət büdcəsindən kino sahəsinə vəsait ayrılmaması müzakirələrə səbəb olub.
Cavidan Mirzəzadə Demokrat.az


