"Bir gəncin xaricdə təhsil alması üçün ən azı 40–50 min dollar tələb olunur. Hesab edirəm ki, bu sərmayənin ölkənin ictimaiyyətinə, siyasi mühitinə, iqtisadiyyatına, elm və təhsilinə çox müsbət təsiri var. Qayıdan gənclərin ölkənin ictimai həyatında real dəyər yaratdığını görürük".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O, bildirib ki, xaricdə təhsil kvotasının artırılması məqsəd qoyulmalıdır:
"Bu prosesə əlavə maliyyə resursları cəlb edilməlidir. Təhsil fundamental sahədir və qısa müddətdə nəticə gözləmək düzgün deyil. Bir alimin yetişməsi üçün illər lazımdır. Xaricdə təhsil alan gənclərdən dərhal yüksək nəticə tələb etmək real yanaşma deyil, bu, kompleks prosesdir".
Ekspert bildirib ki, təkcə təhsillə dəyər yaranmır:
"Eyni zamanda aidiyyəti qurumlar da öz funksiyalarını düzgün qurmalıdırlar. Məsələn, Milli Elmlər Akademiyası ciddi daxili islahatlar aparmalı, qrant və layihə əsaslı tədqiqat modelinə keçməli, əməkhaqlarında differensial yanaşma tətbiq etməlidir. Elmi tədqiqatın nəticəliliyi və səmərəliliyinə diqqət artırılmalıdır".
Onun sözlərinə görə, beynəlxalq elmi nəticələrin ölkəmizdə elmə və bilik sahəsinə transferinə daha çox imkan yaradılmalıdır:
"Xaricdə təhsil almış gənclərin həm sənaye sahəsində, həm də təhsildə müxtəlif istiqamətlərdə uğurla fəaliyyət göstərdiyini görürük. Düşünürəm ki, gənclərin xaricdə təhsil alması ilə bağlı aparılan məqsədyönlü dövlət siyasəti artıq öz nəticələrini verməkdədir və gələcəkdə daha böyük bəhrəsini göstərəcək. Buna görə də bu proqramın miqyasını genişləndirmək lazımdır".
Əfsanə Kamal Demokrat.az


