Kriminal Özəl

Qarğış etdiyi üçün arvadını döydü — TƏFƏRRÜAT

Qarğış etdiyi üçün arvadını döydü — TƏFƏRRÜAT

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1978-ci il təvəllüdlü Şahmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 20-də baş verib. Şahmar həmin gün saat 07:00-da arvadı Ləman ilə ailə münasibətləri zəminində mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Ləmanı döyməklə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 18 oktyabr 2007-ci ildə Şərur rayon sakini Ləman ilə ailə qurub: “Bizim bu nikahdan 3 övladımız dünyaya gəlib. Bizim ailəmizdə ara-sıra mübahisələr olub. Fevralın 20-də Naxçıvan şəhərində idim. Mən oraya anamı xəstəxanaya aparmışdım. Təxminən saat 14 radələrində mən tək avtobusa əyləşdim və yaşadığım kənd istiqamətində hərəkətə düşdüm. Avtobus Şərur rayonun kəndi ərazisində olan zaman qaynım Amalın yolda dayandığı üçün avtobus dayandı və o da avtobusa əyləşdi. Mən onunla görüşdüm və ona bizə getməsini təklif etdim. Amal mənimlə birgə yaşadığım Şərur rayonun kəndində yerləşən evə getdi. Biz evə çatan zaman evdə arvadım Ləman və 3 övladım var idi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qaynı Amal ilə salonda əyləşərək yemək yeyiblər: “Daha sonra Amal arvadıma hədiyyə aldığını və ona hədiyyəyə baxmasını bildirdi. “Hədiyyəyə baxan zaman “onsuzda Şahmar qoymayacaq ki, mən bu paltarı geyinəm” sözlərini dedi. Mən də ona “nə bilirsən, qoymuyacam, hələ geyin bir bax” sözlərini dedim. Arvadım penjamanı geyindi və mən də bəyəndim. Daha sonra qaynım bizdən getmək istəyən zaman ona mənə məxsus avtomobillə Şərur rayonunun digər kəndində yaşadıqları evə aparacağımı bildirdim. Biz avtomobilə əyləşən zaman arvadım “məni də, atam evinə apar” sözlərini dedi. Mən ona kəndə getməyəcəyimi bildirdim”.

Şahmar bildirib ki, daha sonra qayını Amalı apararaq yaşadığı kəndin ərazisinə qoyduqdan sonra yenidən evə qayıdıb: “Evə çatan zaman arvadım mənə ona hörmət etmədiyimi dedi. Mən də ona mənə yemək gətirməsini bildirdim. O, isə mənə yemək verməyəcəyini bildirdi. Bu zaman mən qıcıqlandım və yumruqla onun sifət nahiyəsinə zərbə endirdim. Daha sonra həmin gecə biz yatdıq. Səhər tezdən mən Naxçıvan şəhərinə anamın arxasınca getməli idim”.

Şahmarın sözlərinə görə, fevralın 21-də, təxminən saat 7 radələrində yuxudan oyanıb: “Arvadıma yuxudan oyanmasını və mənə yemək verməsini bildirdim. O ilk anda oyanmadı. Lakin daha sonra oyanaraq mənim və anamı haqqında qarğışlar etdi. Bu zaman mən ona qarğış etməsini dayandırmasını bildirdim. O isə davam edən zaman mən əsəbiləşdim və şillə ilə arvadımın burun nahiyəsinə vurdum. Onun burun nahiyəsi qanamağa başladı. Daha sonra mən Naxçıvan şəhərinə getdim. Təxminən saat 12 radələrində anamı Naxçıvan şəhərindən yaşadığım evə gətirdim. Mən evə çatan zaman arvadım mənə “qardaşıma demişəm, gəlib sənin başına oyun açacaq” sözlərini dedi. Daha sonra mən evdə olan zaman arvadımın qardaşı yaşadığım evə gələrək arvadımı götürərək getdi. Sonra polis əməkdaşları izahat almaq üçün məni Şərur Rayon Polis İdarəsinə dəvət etdilər”.

Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova