İxtisas seçimindən sonra universitetlərin boş qalan plan yerlərinə yenidən qəbul aparılacaq. Aşağı bal toplayan abituriyentlər və onların valideynləri 2-ci tura ümid edir, yəqin ki, əksəriyyət yenidən şansını sınacayaq. Uğursuz nəticə göstərənlər bunun əvəzinə peşəyə yönələ bilərlər, amma çoxu az bal toplasa da yenə də universitetdə oxumaq istəyir, nəinki tələbat duyulan bir peşə sahibi olmaq.
Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında qeyd etdi ki, bu il universitetə daxil olanların da, kəsilənlərin də sayında rekord göstərici qeydə alınıb:
“Bunun da bir sıra obyektiv səbəbləri var – buraxılış imtahanlarının yumşaldılması, yüksək bal toplayanların çox olması, ixtisas seçiminə daha çox şəxsin qatılması. Bu il rəqabət artdı, bu da kəmiyyət göstəricisini ön plana çıxardı.
Ümumilikdə dörd ixtisas qrupu üzrə 2995 boş plan yeri qalıb, 5-ci qrupda isə bircə yer belə qalmayıb, ən çox boş yer 1-ci qrupdadır. Təcrübə onu göstərir ki, boş plan yerləri 1-ci turda adətən o qədər də önəm daşımayan ixtisasları ehtiva edir.
Təəssüf ki, boş plan yerləri arasında bu günün əmək bazarında ehtiyac duyulan ixtisaslar qalır, amma yenə də seçilmir.
Bizdə universitet əməlli-başlı rəqabət mezanizmidir, nəinki cəmiyyətdə bir istiqamət üzrə gözəl kadr kimi formalaşıb sonradan işlə təmin olunmaq üçün və ya bir sahədə ciddi elmi tədqiqat aparmaq və inkişaf etmək üçün bir tramplin. Qonşunun oğlu universitetə daxil olubsa, mütləq oğlum da daxil olmalıdır... Valideynlər arasında yarışma gedir...
Əmək bazarında bunun acı nəticəsini yaşayırıq. Valideynlər uşaqlarının universitetdə ən lazımsız ixtisasda oxumasına belə razıdırlar, nəinki kollecdə əmək bazarının tələbinə cavab verən ixtisasları öyrənmələrinə. Universitetdən niyə bu qədər çox asılılıq yarandı?
Bəli, universitet vacibdir, amma bunu həyati məsələyə, cəmiyyətdə rəqabət alətinə çevirmək böyük yanlışdır. Belə olan halda universitetlər də öz məhvərindən çıxacaq. Başqa ölkələrdə dərslərini necə oxumasından, nəyə maraq göstərməsindən asılı olmayaraq bir gənc asanlıqla kitab-dəftəri yerə qoyar və peşə öyrənər. Bizdə bu, yoxdur. Psixoloji dəyişiklik baş verməlidir, əmin ola bilərik ki, universitetə qəbul olmaq bizdə psixoloji situasiyadır”.
Törə Zeynallı Demokrat.az


