Salyan rayonunda 1979-cu il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Süsənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 30-da baş verib.
Ərəstun həmin gün saat 17 radələrində birlikdə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Süsənin sağ gözaltı nahiyyəsinə qəsdən yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Süsən onun keçmiş arvadı və bibisi qızıdır:
“29 və ya 30 yanvar 2024-cü ildə, günorta saatlarında Salyan şəhərində olan bazarın yaxınlığında kafedə spirtli içki qəbul etdikdən sonra evə gəldim. Sərxoş olduğum üçün özümdə deyildim. Süsən bildirdi ki, anası onlara qonaq gələcəkdir. Anasının bizə gəlməsinə etiraz etdiyim üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Süsənə bərk əsəbləşdim və şillə ilə iki dəfə onu vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, xalası ilə birlikdə Salyan və Neftçala rayonunda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur:
“Etdiyim əmələ görə çox peşmanam. Sərxoş olmasaydım, bu hadisəni törətməzdim. Zərər çəkmiş şəxslə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Süsənin sözlərinə görə, təqsirləndirilən Ərəstun onun keçmiş əridir:
“Ərəstun 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edildi və məhkəmə tərəfindən ona azadlıqdan məhrum etmə cəzası təyin edildi. Cəza çəkdiyi dövrdə Ərəstun cəzaçəkmə müəssisəsində başqa bir cinayət törətdiyinə görə də cinayət məsuliyyətinə cəlb edildi. Ərəstundan 2018-ci ildə rəsmi olaraq ayrıldım. Ərəstunla birlikdə olan nikahımızdan 3 övladım var. İki oğlum əvvəllər mənimlə birlikdə yaşayıb”.
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin oktyabr ayında Ərəstun cəza müddəti başa çatdığı üçün cəzaçəkmə müəssisəsindən buraxılıb:
“Ərəstun cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra yaşadığım evə gəldi. Ərəstunla birlikdə yaşamağa başladıq. Salyanda bir müddət birlikdə yaşadıqdan sonra Ərəstunun mütəmadi olaraq spirtli içki qəbul etdiyini gördüm. Son olaraq yanvarın 30-da günorta saatlarında Ərəstun sərxoş vəziyyətdə evə gəldi. Mən Ərəstunun spirtli içki içməsinə etiraz etdim. Bu səbəbdən də aramızda narazılıq yarandı. Mübahisə zamanı Ərəstun iki dəfə yumruqla sağ göz nahiyəmdən zərbə vurdu. Bundan sonra öz otağıma gedərək qapını bağladım. Ərəstun isə sərxoş olduğu üçün yuxuya gedərək yatdı. Daha sonra Ərəstunun qanunsuz hərəkətləri barədə polisə şikayət etdim”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ərəstun 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetiilməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


