Sosial Özəl

Yağıntılı havalar müxtəlif infeksiyaların yayılmasına səbəb olub — Həkimdən XƏBƏRDARLIQ

Yağıntılı havalar müxtəlif infeksiyaların yayılmasına səbəb olub — Həkimdən XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi infeksion xəstəliklərlə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib ki, isti aylarda müxtəlif virus və bakterial infeksiyalar yayılır:

"Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma saylarında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslarıdır".

Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var:

"Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirləri, çimərlik mövsümünü və s. aid etmək olar".

T.Eyvazov, həmçinin qeyd edib ki, bu infeksiyalar əsasən yüngül və fəsadsız keçir.

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu il iyul və avqust aylarında havanın temperaturu iqlim şəraitinə uyğun olmayıb:

“Havalar qeyri-sabit, yağıntılı, küləkli keçir. Bu da hava-damcı yolu ilə infeksiyaların yayılmasına səbəb olur. Həkim olaraq praktikama əsasən deyə bilərəm ki, son vaxtlar uşaqlarda rotavirus, ishal və diareya ilə müşahidə olunan infeksiyalar, böyüklərdə də həmçinin bəzi respirator xəstəliklər yayılıb.

Bu xəstəliklərlə əlaqədar olaraq arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi, öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə oluna bilər. Bu əlamətləri özündə hiss edən şəxslərə vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Hava-damcı yolu ilə keçən infeksiyalarla yanaşı, mədə-bağırsaq infeksiyalarından da qorunmaq lazımdır. Bunun üçün meyvə, tərəvəzləri yeyərkən yumaq lazımdır. Yayda havalar dəyişkən keçsə də tələsik qalın paltarlar geyinməyə ehtiyac yoxdur. Yayın son həftələrini yaşayırıq, çalışmalıyıq ki, diqqətli olaq, isti havalarda virus xəstəliklərinə yoluxmayaq. Xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Təmiz havada çox vaxt keçirmək, idmanla məşğul olmaq lazımdır. Mövsümə uyğun meyvə, tərəvəz yemək, bol su içmək lazımdır. Bu yollarla immunitetimizi gücləndirməliyik. İmmunitet güclü olanda infeksiyalara yoluxmaq ehtimalı da azalır və ya yoluxanda şəxs xəstəliyi yüngül keçirir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova