Sosial Özəl

Ekoloq: “Sürüşməyə meyilli ərazilərdə bərkitmə işləri aparılmalıdır”

Ekoloq: “Sürüşməyə meyilli ərazilərdə bərkitmə işləri aparılmalıdır”

Son zamanlar Azərbaycanın əsasən şimal rayonlarında torpaq sürüşmələri intensivləşib. Bu instensivləşmə daha çox İsmayıllı rayonunda müşahidə olunur.

Bəs, buna səbəb nədir?

Yenidən torpaq sürüşməsi gözlənilirmi?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavablandıran ekoloq Rövşən Abbasov bildirib ki, ilk növbədə biz torpaq sürüşməsinin harada baş verdiyini dəqiqləşdirməliyik:

“Bu proses əsasən sürüşməyə kəskin meyilli ərazilərdə baş verir. Buna səbəb isə müxtəlif məsələlərdən ola bilər. Əgər bu sürüşmə kənd təsərrüfatı və əkin işlərinin aparılıdığı ərazilərdə yaranıbsa, deməli bu şumlama, suvarma işlərinin texnikasının düzgün həyata keçirilməməsi nəticəsində ola bilər. Yaxud hansısa bir yamacda bitki örtüyünün çox otarılması və ağacların qırılması ilə bağlı ola bilir.

Təbii sürüşmələr də var ki, intensiv yağışlar yağan zaman torpaqda ilişki qüvvəsi azalır və sürüşmə baş verir. Hər bir halda sürüşmələrin baş vermə riskini azaltmaq üçün həm bələdiyyə səviyyəsində, həm rayon səviyyəsində potensial sürüşmə əraziləri müəyyən edilməlidir. Həmin ərazilərdə bərkitmə işləri aparılmalıdır.

Əgər bu yolun kənarıdırsa, kəskin meyilliliyə malik bir ərazidirsə, yamacların bərkitmə işləri müxtəlif texnikalarla aparılmalıdır. İsmayıllı rayonuna gəlincə, burada intensiv torpaq sürüşmələrinin səbəbi sürüşməyə meyilli zona olmasıdır.

Dediyim kimi, ilk növbədə bilmək lazımdır ki, həmin ərazi əvvəldən sürüşməyə meyillidir ya yox. İsmayıllı rayonun Qoydan kəndində ən son sürüşmə halı ötən gün baş vermişdi. Bu ərazilərdə 60-70-ci illərdə də çox müxtəlif sürüşmələr olub. Yaxşı olardı ki, sürüşmə təhlükəsi olan yerlərdə əhali öncədən köçürülsün və həmin ərazinin bitki örtüyü bir neçə il üçün qorunsun. Yəni, otarılmasın, suvarılmasın.

Bildiyim qədərilə Qoydan kəndində bir çox ərazilər köçürülməlidir. Çünki həmin kənd çox kiçik kənddir və bu kəndin kifayət qədər yaxşı yolu da yoxdur. Gediş-gəliş çətindir”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova