Gündəm Özəl

Qadın hüquqlarının qorunmasında islam dininin təsirləri — Azərbaycan dəyərlərə sadiqdir

Qadın hüquqlarının qorunmasında islam dininin təsirləri — Azərbaycan dəyərlərə sadiqdir

Azərbaycan demokratik dəyərlərə sadiq olan ölkələrdəndir. Demokratiyanın təməli isə insanların hüquq və azadlıqlarının qorunmasıdır. Qadın hüquqlarının qorunması və bu sahədə hələ də problemlərin mövcudluğu dünyada öz aktuallığını saxlayır. Müsəlman şərqində qadına ilk dəfə seçkilərdə iştirak hüququ verən dövlət kimi qadın hüquqlarının qorunması məsələsində də Azərbaycan dünyaya örnəkdir.

Qadın hüquqlarının qorunması mövzusunda keçirilən tədbirlər bu mənada mühüm əhəmiyyət kəsb edir. Növbəti belə tədbirə mədəniyyətimizin paytaxtı Şuşa ev sahibliyi etdi. Şuşa şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirildi. İslam dünyasında söz sahibi bir dövlətə çevrilən Azərbaycanda islami dəyərlərə hörmətlə yanaşılır. Sözsüz ki, tarixən Azərbayacanda qadın hüquqlarının formalaşmasında bu dəyərlərin də böyük rolu olub. İslam qadına hörmət və sevgini tərənnüm edən dindir. Qadın hüquqları mövzusu da İslam dininin müqəddəs kitabı Qurani-Kərimdə işıqlandırılıb, qadınların kişilərlə bərabər hüquqlara sahib olması əksini tapıb. Tədbir iştirakçıları tərəfindən konfransda ələ alınan əsas mövzu da bu oldu. Konfransda qadının dəyəri, onun statusu və hüquqları barədə mövcud yanaşmalar haqqında ətraflı fikir mübadiləsi aparılıb, İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb, onlar İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırılıb.

Qadın hüquqlarının qorunmasında islam dininin təsirləri — Azərbaycan dəyərlərə sadiqdir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. B.Muradova İslamda qadına yüksək dəyər verildiyini vurğulayıb: “Bu bir həqiqətdir ki, islam dini qadınlara böyük dəyər verir, ailə və cəmiyyətdəki roluna hörmətlə yanaşır. Onların hüquqları və inkişafında dair tənzimləyici qaydalar müəyyən edir”, - deyə Komitə sədri qeyd edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr verdiyini faktlarla nəzərə çatdırıb. İşğala son qoyduqdan sonra dövlətimiz azad olunmuş torpaqlarda xariqələr yaratdığını söyləyən R.Məmmədov Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu söyləyib: "Heç də təsadüfi deyil ki, bu nəcib və ali missiyanı başladan Azərbaycan qadınıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva torpaqlarımız işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını elan etdi. Bu gün Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir”, - deyə R.Məmmədov vurğulayıb. Konfransda VI çağırış Milli Məclisinin deputatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da çıxış edib. O söyləyib ki, qadının sağlamlığı və rifahı hər bir cəmiyyətin firavanlığının əsasıdır, dinin mahiyyətini dərk etmək isə sülhün və qarşılıqlı anlaşmanın açarıdır: “Müsəlman inancının əsas müddəalarını gender prizmasından obyektiv qiymətləndirməyə çalışmaq, həmçinin islamda və Quranda qadınlarla bağlı fikirləri təhlil etmək lazımdır. İslam dininin qadınların vəziyyətinin yaxşılaşdırılması və onlara daha etibarlı hüquqi statusun verilməsi baxımından təsiri müsbətdir. İslam qadının müstəqil şəxsiyyətinə təminat verir və onu layiqli mövqeyə yüksəldir”, - Komitə sədri əlavə edib.

VI çağırış Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Anar İsgəndərov Demokrat.az-a açıqlamasında Şuşada keçirilən konfransın aktual məsələləri əhatə etməsi baxımından diqqət cəlb etdiyini dedi:

Qadın hüquqlarının qorunmasında islam dininin təsirləri — Azərbaycan dəyərlərə sadiqdir

“Qadın hüquqları ilə bağlı konfransın Şuşada keçirilməsinin əhəmiyyəti böyükdür. Şuşada Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri yerləşir. Hər zaman sual olunur ki, Gövhər Ağa kimdir – Gövhər Ağa Azərbaycan xanımıdır, Qarabağ xanının varislərindən biridir, həyatını Şuşanın inkişafına həsr etmiş önəmli tarixi şəxsiyyətlərimizdəndir. İslam dinində qadın hüquqları həmişə qorunub, qadına, Anaya məhəbbət əksini tapıb. Cənnət anaların ayaqları altındadır fikri İslamda qadına necə böyük dəyər verildiyini göstərir. İslama opponent olanlar belə bu dinin qadına verdiyi hüquqları dana bilmirlər. Azərbaycan qadını da hər zaman islamın qadına verdiyi hüquqlardan bəhrələnib. Təsadüfi deyil ki, Cümhuriyyət dövründə parlamentdə qadın və kişi bərabərliyi rəsmi qanunlarla təsdiq edildi. Bu onu göstərir ki, Azərbaycanda qadın hüquqları həmişə qorunub. Həm dinimiz, həm də adət-ənənələrimizdə bu təbliğ olunub. Müstəqil Azərbaycanda gender bərabərliyini təmin edən kifayət qədər qanun qəbul olunub. Bu gün Azərbaycan qadını ölkənin ictimai və siyasi həyatında kifayət qədər faəl rol oynayır. İnanıram ki, qadınlarımız bundan sonra da yüksək zirvələri fəth edəcəklər”.

İlahiyyatçı Tural İrfan da belə konfransların keçirilməsini müsbət qiymətləndirib. O, sayta açıqlamasında Azərbaycan xalqının əzəldən qadına böyük dəyər verdiyini vurğulayıb:

Qadın hüquqlarının qorunmasında islam dininin təsirləri — Azərbaycan dəyərlərə sadiqdir
“Dinimizdə qadın haqları qorunur. Bir çox məsuliyyətli məsələlərdə qadını irəli çəkməməkdə məqsəd onun zərif olması ilə bağlıdır. Bu, bəzi Qərb səlibçiləri tərəfindən guya İslamın qadın haqlarını məhdudlaşdırması kimi qələmə verilir. Lakin əslində bu, qadına üstünlük verməkdir. Qadının örtünməsi də onunla bağlıdır ki, hər cür mənfi niyyətdən, təcavüzdən, təhqirdən, mənfi baxışdan qorunsun. Qadın peyğəmbər ona görə olmayıb ki, bu çox ağır missiyadır. Peyğəmbərlər hər cür əzaba, çətinliyə, hətta təhqirə, ölümə məruz qalıblar. Amma Yaradan belə bir ağır yükü qadının üzərinə qoymağa qıymayıb”.

İlahiyyatçı təhsil, tədris, elm, mədəniyyət sahəsində qadınların böyük roluna işarə edərək söyləyib ki, islam dinində qadın müəllimdir, ailənin kişidən sonra ikinci şəxsidir:

“İslamda qadın haqları məhdudlaşdırılmır, fəqət təəssüf ki, zaman-zaman xurafatçı ruhani təbəqə öz maraqları üçün din adı ilə qadınlara qarşı haqsızlıq ediblər, təhsildən uzaq salıblar, erkən yaşda ərə veriblər. Amma bunu əsla din tələb etmir. Peyğəmbərin xanımları, qızları, o dövrdəki əshabın qadınları hər zaman aktiv fəaliyyət göstəriblər, elmlə, mədəniyyətlə, hüquqla, hətta siyasətlə məşğul olublar. Sadəcə yetər ki, islamı olduğu kimi, əsl mötədil formada təqdim edəsən. Yox, əgər islam adı ilə xurafat, mövhumat təbliğ olunacaqsa, xarici məkrli niyyətlər baş qaldıracaqsa, qadınlar da təhsildən uzaq qalacaq və hüquqları məhdudlaşacaq. Çünki xurafatçı, məkrli ruhanilərə cahil və savadsız kütlə lazımdır. Ona görə ki, savadlı cəmiyyəti aldatmaq, arxalarınca aparmaq mümkün olmur”.

Ekspertin fikrincə, qadın haqlarını Qərb bizdən öyrənməlidir:

“Qərbdə qadın kölə kimi satılanda Azərbaycanda sərkərdə idi, hüquqşünas idi, alim və şair idi. Bu gün də Azərbaycanda bu ənənə yaşayır, qadınların hüquqları kişilərlə tam bərabərdir. Qadın deputat, qadın icra başçısı, qadın bələdiyyə sədri, qadın hakim ola bilir, qadın müəllim kimi, siyasətçi kimi, həm də ana kimi tam bərabərhüquqlu fəaliyyət göstərir, buna heç bir maneə yoxdur. Quranda Məryəm surəsi var, Həzrəti Məryəmin timsalında qadınlar tərənnüm olunur, Peyğəmbərimiz cənnətin qadınların ayaqları altında olduğunu qeyd edir, cəhalət dövründə qız uşaqlarının diri-diri torpağa basdırılmasını lənətləyir və qadağan edir, buna görə ağır cəza təyin edir. İslam dinində əgər qadın barədə nədəsə məhdudiyyət nəzər çarpırsa, bu onun hüquq və azadlığının məhdudlaşdırılması yox, onun qorunması, ağır yük, məsuliyyət altında qalmaması üçündür”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova