Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir. Onlayn alış-veriş edən istehlakçılar çatdırılma xidmətinin qiymətinin geyimlərdən daha çox olduğunu bildirirlər. Onu da əlavə edək ki, bir neçə ay öncə "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Şirkət qiymətləri 2.5 dəfə artırmışdı.
Bəs, qiymətlərin durmadan bahalaşması nə ilə əlaqəlidir? Məsələ ilə bağlı Azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb:


""Trendyol"da çatdırılma xərclərinin artırılması dizel yanacağının qiymətinin artmasıyla əlaqəli ola bilər. Bu da anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir. Çox güman ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Həm də Türkiyə ərazisində çatdırılma qiymətləri dəyişdirilməyib". Mövzuyla bağlı Azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, "Trendyol" şirkətindəki qiymət artımının bir çox obyektiv və subyektiv səbəbləri var:

"Trendyol"da ilk dəfə deyil ki, artım müşahidə olunur. Əvvəllər də müəyyən qədər artıb. May ayında da bununla bağlı artım olduğu təsdiqlənmişdi. Bu artımın da bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərindən biri birmənalı olaraq əgər bütün istiqamətlərdə qiymətlər artırsa, inflyasiya öz sözünü deyirsə, istehsalda, xidmətdə, digər istiqamətlər, çatdırılma və logistika üzrə də qiymətlər artmalıdır. Burada daha bir məsələ var ki, "Trendyol" bu gün Azərbaycanda özü ilə mübarizə aparacaq rəqibi olmadığından subyektiv olaraq qiymət dəyişikliyi edə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Əgər hansısa bir təsərrüfat subyekti bazarda böyük ölçüdə rəqibsizdirsə, həmin subyekt o yerə qədər qiyməti qaldıracaq ki, artıq gəlirləri azalmağa başlayacaq. Görsə ki, digər bir rəqib qiyməti qaldırdı, tələb varsa, sifarişlər durmadan artırsa, o yenidən qiymətləri artıracaq. Amma görsə ki, sifariş həcmləri, ölçüləri kəskin şəkildə azalıb və bu da gəlirin azalmasına gətirib çıxarır, o zaman qiymət artımı dayanacaq. Əksinə azalmağa başlayacaqdır. Bir sözlə, bu prosesi bazar özü tənzimləyir".
Mikayıl Mirzəzadə Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviq edilməsi" mövzusunda dərc edilib.


