Sosial Özəl

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

“Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının keçidində çalışan əsasən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazi ailələrindən ibarət olan sahibkarlar metropoliten rəhbərliyindən narazılıq edirlər.

Bu barədə Demokrat.az-ın redaksiyasına şikayət daxil olub.

Sahibkarlar bildirirlər ki, “Bakı Metropoliteni” QSC tərəfindən işıqları qanunsuz şəkildə kəsilib.

Məsələ ilə bağlıDemokrat.az-ın ünvanladığı sorğuya qurumdan rəsmi cavab verilib.

Qeyd olunub ki, “20 Yanvar” stansiyasının “Bakı Metropoliteni” QSC-nin səlahiyyəti zonasına daxil olmayan keçidində ifrat yüklənmə nəticəsində elektrik xəttində və elektrik açarında nasazlıq baş verdiyindən tüstülənmə qeydə alınıb:

"Bu hadisə səbəbindən metropolitenin “20 Yanvar” stansiyasının elektrik təchizatı sisteminin təhlükəsiz fəaliyyətinə birbaşa xələl gətirən zəmin yarandığından müvafiq tədbirlərin görülməsi zərurəti qaçılmaz olub. Qeyd edilənlər nəzərə alınaraq keçiddə ticarət fəaliyyəti ilə məşğul olan tərəfə mövcud qanunvericiliyin tələbinə uyğun qaydada, texniki şərtlərlə bağlı paytaxtın elektrik təchizatını həyata keçirən müəssisəyə müraciət etməsi tövsiyə olunub".

Bildirilib ki, son illərdə metropolitenin sərnişin sayının artması ilə əlaqədar çoxalan tələbatı nəzərə alaraq Bakı metropoliteninin daha təhlükəsiz və nümunəvi xidmət göstərməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir:

"Məlumdur ki, Bakı metropoliteni xətlərində hərəkət edən qatarların tələbatı xüsusi nəzərə alınmaqla əsas enerji istehlakçılarındandır. Metropolitenin daxili enerji təhlükəsizliyini optimallaşdırmaq, onu maksimal həddə çatdırmaq və risklərin aradan qaldırılması ilə artan enerji tələbatını ödəmək prioritet vəzifələrdəndir. Bu səbəbdən hazırda görülmüş tədbir də məhz metropolitenin enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Qurum açıqlamasında elektrik xətlərindən istifadə edərək ticarətlə məşğul olan şirkətə dəfələrlə mümkün təhlükələrlə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq vaxtında müvafiq tədbirlərin görülmədiyini əlavə edib.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az