Kriminal Özəl

Məmuru şantaj edən iş adamı bəraət istəyir

Məmuru şantaj edən iş adamı bəraət istəyir

Hədə-qorxu yolu ilə pul tələb etmədə təsirləndirilən iş adamı Vahid Xələfov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vahid Xələfovun vəkili tərəfindən verilən şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib. Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Cavid Hüseynin icraatına verilib. Məhkəmə prosesi mayın 27-də keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilib.

İş üzrə zərərçəmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov tikinti şirkətinin sahibidir.

Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova