"Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Eyni zamanda, biz regional əməkdaşlığı gündən-günə möhkəmləndiririk və ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, artıq Azərbaycan çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən bəzi ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmirlər. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib:
"Anti-Azərbaycan mövqeyi tutan və ölkəmizə qarşı qərəzli siyasət yürüdən beynəlxalq təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi "fəallığı" ilə seçilir. Biz Avropa Şurasının Azərbaycana qərəzli mövqedən yanaşmasını daim müşahidə etmişik. Dünyadakı erməni diasporunun təsir altına saldığı siyasətçilər, diplomatlar, deputatlar vasitəsilə beynəlxalq təşkilatlara yol tapır, bu məkandan, buradakı tribunadan Azərbaycan əleyhinə yararlanmağa çalışırlar. Ermənipərəst dairələrin təsiri altında olan şəxslər vasitəsilə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv hesabatlar, məruzələr hazırlanır və beynəlxalq mediada ictimailəşdirilir. Onlar bu yolla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar".
Deputat deyib ki, AŞPA Fransanın əlində oyuncağa çevrilib:
"Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Bu qurum sifariş ilə hərəkət edərək Azərbaycanın Zəfərini, öz torpaqlarını Ermənistanın işğalından azad etməsini həzm edə bilmir. Ona görə də bir-birinin ardınca Azərbaycana hücum edirlər.
Növbəti hücum da Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabe tərəfindən həyata keçirilib. Almaniya mətbuatında dəfələrlə adı maliyyə fırıldaqlarında keçən bu şəxs yenidən ölkəmiz əleyhinə qərəzli, absurd fikirlər səsləndirib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini də o vermişdi. İndi də deyib ki, Azərbaycan tarixini tanımayaq. Siyasətçinin səsləndirdiyi fikirlər Azərbaycana qarşı kampaniyanın tərkib hissəsi olmaqla yanaşı Azərbaycanafob, İslamofob və türkəfob ritorikanın təzahürüdür.
Hər kəs yaxşı başa düşür ki, Frank Şvabe böyük oyunun kiçik hissəciyidir. Bu günə qədər AŞPA üçün Azərbaycanın bir milyon vətəndaşının öz doğma yurd-yuvasından, el-obasından didərgin düşüb məcburi köçkün həyatı yaşaması heç bir anlam daşımadı. Qarabağdan öz xoşuna köçüb siyasi ambisiyaların girovuna çevrilməyi seçmiş Qarabağ ermənilərinin durumundan qat-qat ağır vəziyyətə düşmüş insanlarımızın çadır şəhərciklərində, vaqonlarda illərlə yaşamaları nədənsə AŞPA-nı heç vaxt narahat etmədi. Adi bəyanatlarla da işğalçını qınamadılar. Əksinə, haqq qazandırdılar. Əli qana batmış işğalçı ölkənin nümayəndələrinə yüksək kürsülərdə söz haqqı verdilər. Bu gün də əməllərini davam etdirərək erməni avantürizminə xidmət edirlər.
Məlumdur ki, bu hoqqabazlığa rəhbərlik edən Fransadır. Alman Frank Şvabe də bu oyunun peşkalarından biridir. Gördüyümüz kimi, Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırmağa can atır".
K.Bayramov qeyd edib ki, Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın Azərbaycana qarşı qərəzi və nifrəti Avropanın maraqları ilə yox, onun şəxsi maraqları ilə bağlıdır:
"Ermənirpərəst qüvvələrin, o cümlədən, Frank Şvabe kimilərin uğursuz cəhdlərinə baxmayaraq, Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır".
Törə Zeynallı Demokrat.az


